SƏHİYYƏ

Deputat: "Bəzi dərmanlar tapılmır"

Rüfət Quliyev adrenalin tapılmadığına görə, xəstəxanalarda cərrahi əməliyyatların aparıla bilmədiyini söyləyib
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanda bir aydan çoxdur ki, adrenalin adında dərman tapılmır. Bununla bağlı mənə həkimlərdən müraciətlər daxil olub.
Bunu deputat Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, adrenalin tapılmadığına görə, xəstəxanalarda cərrahi əməliyyatlar apara bilmirlər: "Onun qiyməti 1,5 manat olsa da, işbazlar süni şəkildə 200 manata qədər qaldırıblar. Bundan başqa, apteklərdə qlükoza və fizioloji məhlul da yoxdur. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. Amma onları Türkiyədən də rahatlıqla əldə etmək olar".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna münaqişəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu gün problemin qarşısı qısa zamanda alınmalıdır”.