İQTİSADİYYAT

Azərbaycanın energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək

Forumda energetika nazirinin "Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?" adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə cari ilin 12-14 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək "Rusiya Enerji Həftəsi" Beynəlxalq Forumunda iştirak edəcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bir sıra ölkələrin hökumət nümayəndələrinin, energetika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərlərinin və aparıcı ekspertlərin qatılacağı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində qlobal bazarlarda əməkdaşlıq, enerji keçidi və digər aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir.
Forumda energetika nazirinin "Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?" adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin oktyabrında da Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən "Rusiya Enerji Həftəsi" adlı Beynəlxalq Forumda iştirak edib. Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində beynəlxalq əməkdaşlığın yeni istiqamətləri, karbon neytrallığı, enerji keçidi və bir çox digər aktual mövzular müzakirə edilib.
Nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?" adlı sessiya üzrə müzakirələrdə iştirak edib. Sessiyada ənənəvi enerji daşıyıcılarının qlobal enerji balansında mövqeyi, mövcud enerji infrastrukturunun yeni enerji mənbələrinə uyğunlaşdırılması, reallaşdırılmaqda olan neft-qaz layihələrinin potensialının enerjiyə olan tələbatın ödənilməsi üçün yetərliliyi, karbohidrogen mənşəli enerji daşıyıcılarından istifadə ilə enerji keçidinin mümkünlüyü və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Pərviz Şahbazov qazın enerji keçidindəki tənzimləyici roluna dair suala cavab olaraq bildirib ki, hazırda ekoloji cəhətdən ən təmiz karbohidrogen yanacaq növü hesab olunan qaz sənayesinə investisiyaların azaldılması gələcəkdə ekologiyaya mənfi təsiri daha çox olan enerji daşıyıcılarından istifadənin artırılmasına səbəb ola bilər. Bu baxımdan mövcud vəziyyətdə enerji keçidinə dair verilən qərarların ekoloji təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərinə kompleks yanaşma əsasında formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Energetika naziri "Rusiya Enerji Həftəsi" Beynəlxalq Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.