BAKI, 11 oktyabr - Sputnik. Azərbaycanla Kamboca arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Bundan başqa, Azərbaycan və İsveçrədə diplomatların ailə üzvlərinin qarşılıqlı işləmək qaydası da müəyyənləşir.
Belə ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında” Sazişin təsdiq edilməsi məsələsinə də baxılıb.
Qanun layihələri səsə qoyularaq bir oxunuşda qəbul edilib.