QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və Ermənistan sülh sazişinin 5 prinsipində razılığa gəlib - Çavuşoğlu

Türkiyə XİN rəhbəri bildirib ki, bu savaş artıq bitib, bundan sonra Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanın Qarabağ zəfərindən sonra önəmli bir fürsət ortaya çıxdı. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TVNET kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə münasibətlərin normallaşdırılması mövzusunda da səmimidir.
Nazir, indiki vəziyyətdə Cənubi Qafqazda stabilliyin son dərəcə vacib olduğunu qeyd edib:

"Amma təbii ki, Ermənistanın yaşadığı travmalar var. Biz 30 il ərzində işğal etdiyi torpaqları özününkü hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitdi, bundan sonra Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Xüsusilə də Ermənistan diasporu və onun daxilində sülh istəməyənlərin səsi gur çıxır. Ermənistan anlamalıdır ki, burada davamlı sülh üçün addımlar atmaq lazımdır".

XİN rəhbəri əlavə edib ki, son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib:
"Azərbaycan ilə Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. Komissiyaların görüş vaxtı irəli çəkildi, XİN rəhbərlərinə tapşırıqlar verildi. Tərəflər son Praqa görüşündə 5 əsas prinsip ətrafında anlaşma əldə etdilər və bütün bunları həyata keçirmək lazımdır. Bu olmadığı müddətcə provakasiyalar davam edə bilər".