AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Moldova şirkətlərini işğaldan azad edilmiş ərazilərə pul qoymağa çağırıb

Nazir müavini Azərbaycanın Moldovanın qeyri-neft sektoruna 9,7 milyon ABŞ dolları, Moldova isə Azərbaycanın qeyri-neft sektoruna 3,8 milyon ABŞ dolları investisiya qoyduğunu söyləyib.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən "Araz Vadisi İqtisadi Zonası" və "Ağdam" Sənaye Parkları investorların üzünə açıqdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Moldovanın Baş naziri Nataliya Qavrilitsanın və bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.
"Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik bu sənaye parkları regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası üçün mühüm mexanizmdir. Təbii ki, əsas milli prioritetlərdən biri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsidir", - o qeyd edib.
"Bizim tarixi qələbəmiz həm Azərbaycanın, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcını qoyub. Hazırda intensiv minatəmizləmə işləri aparılır, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və kommunikasiyalar yenidən qurulur və yaradılır, iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Artıq ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıb, işğal zamanı dağıdılmış şəhərlərin baş planları hazırlanaraq təsdiq edilib. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib və yaxın vaxtlarda Zəngilan Beynəlxalq Hava Limanı da istifadəyə veriləcək. Yaşayış məntəqələrinin bərpası üzrə tikinti işləri "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasından istifadə edilməklə həyata keçirilir. Qarabağ "yaşıl enerji" zonası elan edilib. "Yaşıl" və alternativ enerjidən istifadəyə, "sıfır tullantı" konsepsiyasına xüsusi diqqət yetirilir, bütün layihələr müasir texnologiyalardan və ekoloji standartlardan istifadə edilməklə həyata keçirilir", - nazir müavini söyləyib.
Sahib Məmmədov qeyd edib ki, indiyə qədər Azərbaycan Moldovanın qeyri-neft sektoruna 9,7 milyon ABŞ dolları, Moldova isə Azərbaycanın qeyri-neft sektoruna 3,8 milyon ABŞ dolları investisiya qoyub.
"Azərbaycanda 24 Moldova şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər əsasən ticarət, nəqliyyat, kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərir", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 4 dəfə artaraq 13,5 milyon ABŞ dollarına çatıb, o cümlədən son 1 ildə Azərbaycandan Moldovaya ixracın dəyəri isə təxminən 13 dəfə artıb.
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub. O, dövlət başçısı ilə görüşündə vurğulayıb ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün çox məhsuldar müzakirələri olacaq.