RUSİYA

Putin: "Rusiya dünyanın enerji liderləri sırasında vacib yer tutur "

Rusiya prezidenti bildirib ki, enerji ehtiyatlarının tədarükünü şaxələndirməyə, yanacaq-energetika kompleksini modernləşdirməyə, investisiyaları cəlb etməyə və xammalın dərin emalı da daxil olmaqla yeni layihələrə start verməyə davam edəcəklər.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Rusiya enerji təchizatının şaxələndirilməsini, yanacaq-energetika kompleksinin modernləşdirilməsini və yeni layihələrin, o cümlədən xammalın emalı üzrə layihələrin həyata keçirilməsini davam etdirəcək. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "Rusiya enerji həftəsi" V Beynəlxalq Forumunun iştirakçılarına, təşkilatçılarına və qonaqlarına təbrikində deyilir.
Bazar ertəsi Kremlin saytında dərc olunan müraciətdə qeyd edilir ki, enerji bazarlarının inkişafı birbaşa olaraq ölkələrin konstruktiv əməkdaşlığından asılıdır.
"Buna görə də, biz enerji ehtiyatlarının tədarükünü şaxələndirməyə, yanacaq-energetika kompleksini modernləşdirməyə, investisiyaları cəlb etməyə və xammalın dərin emalı da daxil olmaqla yeni layihələrə start verməyə davam edəcəyik", - deyə Putin vurğulayıb.
"Rusiya dünyanın enerji liderləri sırasında vacib yer tutur və enerji resurslarının etibarlı, məsuliyyətli ixracatçısı kimi tanınır. Bir ildən artıqdır ki, ölkəmizə qarşı misli görünməmiş təzyiqlərə baxmayaraq, biz üzərimizə düşən öhdəlikləri yerinə yetiririk və uzunmüddətli qarşılıqlı faydalı müqavilələr bağlamağa çalışırıq", - Rusiya prezidenti vurğulayıb.
Putin qeyd edib ki, forumda dünyanın bir çox ölkələrindən olan hökumət nümayəndələri, sahibkarlar və ekspertlər qlobal enerji sahəsində mövcud vəziyyəti müzakirə edəcək və gələcək üçün proqnozları bölüşəcək, biznes proqramı isə enerji ictimaiyyəti qarşısında duran qlobal bazarlar, iqlim gündəmi, texnoloji suverenlik və rəqəmsal transformasiya kimi əhəmiyyətli mövzuları nəzərdən keçirəcək.
"Təbii ki, əvvəlki forumlarda olduğu kimi, bu il də Qlobal Enerji Beynəlxalq Mükafatı bütün bəşəriyyətin rifahı naminə enerji mənbələrinin səmərəliliyinin və ekoloji təhlükəsizliyinin artırılmasına töhfə verən görkəmli tədqiqatlara, elmi və texnoloji nailiyyətlərə görə veriləcək", - o bildirib.
Putin forumun maraqlı müzakirələrlə yadda qalacağına, səslənən fikirlərə, təşəbbüslərə və tövsiyələrə praktikada tələbat olacağına əminliyini ifadə edib.
Oktyabrın 12-dən 14-dək Moskvada "Rusiya Enerji Həftəsi" forumu keçiriləcək. Proqramın böyük hissəsi beynəlxalq gündəmə həsr olunub və "Çoxqütblü dünyada qlobal enerji" devizi altında keçiriləcək.