MƏDƏNİYYƏT

Nənələrimizin bizə miras qoyduğu ənənə unudulmaq üzrədir -VİDEO

Xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov bildirir ki, qədimdən bizə miras qalan xalçaçılıq ənənələri Azərbaycanda demək olar ki, araşdırılmayıb.
Sputnik
BAKI, 10 oktyabr - Sputnik. Azərbaycan xalçaları coğrafiyamızı təcəssüm etdirir. Qədimdən bizə miras qalan xalçaçılıq ənənələri getdikcə itmək üzrədir.
Bunu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov deyir.
Onun sözlərinə gröə, Azərbaycan Xalça Muzeyində qorunan Azərbaycan xalçaları 4 nəhəng növə bölünür.
Növləşmə əsasən, bədii-texniki xüsusiyyətlərinə görə aparılır. Bu növlər ölçülərinə, naxışlarına, sıxlığına və rənglərinə görə bir-birindən fərqlənir:
"Bunlardan ən qədimi Quba-Şirvan növüdür. Bu növ həmin əraziləri əhatə edir. Bu bölgədə xalçalar orta ölçülü, rəngləri bəzən al-əlvan, bəzən də sakit və kontraslı olur. Quba-Şirvan növündə sıxlıq çoxdur. Həmin xalçaların özlərində də çox məntəqələri birləşdirir: Quba, Bakı və Şirvan qrupu", mütəxəssis bildirir.
Müsahibimizin sözlərinə görə, ikinci qrup Gəncə-Qazaxdır. Bura Azərbaycanın Qərb bölgəsi, Gürcüstan və indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların toxuduğu xalçalar daxildir:
"Burada toxunan xalçaların sıxlığı az olur. Bu bölgədə qırmızının və yaşılın tonları üstünlük təşkil edir. Naxışları isə əsasən qarmaqlıdır, damğalardan yaranıb. Bu xalçalarda naxışlar sıx olmur. Bundan başqa, xalçaların xovları uzun olur. Gəncənin özündə toxunan xalçalarda şəhər mədəniyyəti öz əksini tapır. Ümumən götürdükdə, bu bölgənin xalçalarının naxışları həndəsi formalıdır".
Üçüncü qrup Qarabağdır. Bura İrəvandan tutmuş, Talış dağlarına (Kürün aşağı hissəsi) qədər olan ərazi aiddir.
Məmmədhüseyn Hüseynov təəssüflə qeyd edir ki, Qarabağ xalçaları hələ tam öyrənilməyib:
"Burada xalçaların ölçüsü digərlərində böyük olur. Qırmızı rəng üstünlük təşkil edir. Sıxlığı orta ölçülü olur. Naxışları daha zəngindir. Qarabağ xalçaları çox zəngin mədəniyyətə malikdir. Bu xalçalarda itmiş növlər çoxdur. Bəzi Qarabağ xalçalarında Cənubun təsirini də hiss edirik. "Muğan", "Əjdahalı xalça", Zəngəzur mahalının xalçalarının elementləri itib batıb".
Dördüncü növ isə Təbriz xalçalarıdır. Təbriz, hazırda İran ərazisində yerləşsə də xalçaları qədim ənənləri davam etdirir. Təbriz xalçaçılıq iki nəhəng qrupun – Təbriz və Ərdəbilin üzərində bərqərar olub. Bu xalçalarda sıxlıq çoxdur. Rəngələrinə gəldikdə isə daha kübar, şəhər mədəniyyətini əks etdirən rənglər üstünlük təşkil edir.
Müsahibimiz bildirir ki, Təbriz xalçaçılığı qədimdən "İpək yolu" mədəniyyətinin üzərində qurulan xalçaçılıq növüdür. Təbriz "İpək yolu"nun üzərində olduğuna görə, Avropa və digər ölkələrə daha çox satılıb: "Dünyanın ən məşhur muzeylərində bu xalçalara rast gəlmək mümkündür. Bu gün xalçaçılıq sənətini araşdıran alimlər bizim xalçaların bu coğrafiyada yarandığını sübut edirlər. Artıq məşhur jurnallarda təkcə adları yox, növləri haqqında da yazırlar".
Xalçaçı-rəssam qeyd edir ki, Lətif Kərimov xalçalara kəndlərin adlarını verməklə onlara "pasport" vermiş oldu.
Məmmədhüseyn Hüseynovun sözlərinə görə, etnoqrafik və iqtisadi baxımdan bu, çox önəmlidir. Məsələn, "Pirəbədi" Quba xalçasıdır, amma Şabran rayonunda yerləşən bir kənddir. Bu xalça növü bu gün dünya kolleksionerlərin marağına səbəb olub.
Bu gün Azərbaycanın əksər kəndlərinin adlarına xalça var. Bu həm də Azərbaycan coğrafiyasının tanınmasına səbəb olub.