BAKI, 10 oktyabr — Sputnik. "Azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan qalib ölkə olaraq qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib".
Bunu Stajçı-Attaşelər üçün ADA Universitetində keçirilən Xarici Siyasət Proqramı (AFSP – Advanced Foreign Service Program) təliminin açılışında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: "Ermənistanın destruktiv mövqeyi, Azərbaycana qarşı qarayaxma kampaniyaları münasibətlərin normallaşmasına maneələr törədir".
Elnur Məmmədov qeyd edib ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə davam edir (APA).
Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.
Görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
"Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.
Missiya oktyabr ayında fəaliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir", -deyə bəyanatda qeyd olunub.