TƏHSİL

Dövlət vəsait ayırır, bəs ali məktəblər niyə regionlara köçürülmür?

Ekspertlərin fikrincə, ali təhsil ocaqlarının regionlara köçürülməsi tələbələrə bir çox üstünlüklər verəcək: onların kirayə mənzil problemləri olmayacaq, sosial ehtiyacları azalacaq və zamanlarını daha çox təhsilə ayıracaqlar.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Ali məktəblərin Bakıdan köçürülməsi artıq 10 ilə yaxındır ki, müzakirə olunun. Lakin bu istiqamətdə indiyədək heç bir addım atılmayıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.
Onun sözlərinə görə, universitetlərin kampus formasında fəaliyyət göstərməsi üçün dövlət tərəfindən vəsait ayrılıb. Odur ki, bu məsələnin uzanması maliyyədən qaynaqlanmır. Yəni dövlətin kifayət qədər maliyyəsi var.
"Düşünürəm ki, bunu həyata keçirmək üçün istək olmalıdır. İstək olarsa, bu işi həyata keçirmək mümkündür", - ekspert deyib.
Bakıda əhalinin sıxlığı, kirayə ilə bağlı problemlər, evlərin bahalılığı, universitetlərin yataqxanalarının olmaması kimi amillər tələbələrin sosial durumlarını çətinləşdirir. Belə olan halda tələbə diqqətinin böyük hissəsini təhsilinə ayıra bilmir.
"Bəzi universitetlər köçürülərsə, tələbələrin sosial vəziyyəti xeyli düzələr. Ali təhsil müəssisələrinin kampus formasında fəaliyyət göstərməsinə nail ola bilərik. Bununla tələbələrin kirayə ev, kirayə evə görə vəsait tapmaq problemi olmayacaq. Bundan başqa, universitetə getmək üçün zaman itkisinin də qarşısı alınacaq", Elşən Qafarov deyib.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini asanlıqla köçürmək mümkündür.
Təhsil üzrə digər ekspert Nadir İsrafilovun fikrincə, xaricdə kampuslar qurulur, tələbələrə hər bir şərait yaradılır ki, onlar vaxt itkisi ilə üzləşməsinlər, zamanlarının böyük hissəsini dəsrlərinə, tədqiqatlarına ayırsınlar.
"Xarici universitetlərdə təhsillə yanaşı bu kampuslarda tələbələrin əyləncəsi üçün də xeyli imkanlar yaradılır. Azərbaycanda da bunu etmək mümkündür. Düşünürəm ki, bu məsələnin müntəzəm olaraq gündəmə gətirilməsi bəlkə də problemin həlli üçün təkan ola bilər", o, deyib.
Nadir İsrafilov bildirir ki, əksər tələbələr ali məktəbə qəbul olarkən daha çox sosial məişət qayğılarını düşünürlər: "Nə qədər ki, tələbələr sosial məişət qayğılarından ayrılmayıblar, onlardan yüksək nəticə gözləmək mümkün deyil".
O qeyd edir ki, universitetlər regionlara köçürülərsə, böyük ərazilərdə texnoparklar yaradılar və bu zaman tələbələr universitetləri bitirməzdən öncə təcrübə qazanmış olarlar:
"Təhsilin keyfiyyətinin yüksəldilməsindən danışırıqsa, mütləq tələbələr üçün geniş şəraitlər yaradılmalıdır. Bu geniş şəraitlərin yaradılması üçün universitetlər regionlara köçürülməli və texnoparklar qurulmalıdır".
Ekspertin fikrincə, əvvəlcə hansı universitetlərin köçürüləcəyi müəyyən olunmalıdır. Bu, həm də regionların inkişafına təsir edəcək.
Ekspertlər hesab edirlər ki, məsələn, Azərbaycan Tibb Universitetinin tələbələrinin təcrübə toplayacağı, tədqiqatlar aparacağı bütün infrastruktur, müvafiq xəstəxanalar, laboratoriyalar Bakıda yerləşir. Buna görə də onun paytaxtdan kənara köçürülməsi qeyri-realdır. Amma təcrübi obyektləri olmayan, yaxud da bu obyektlərinin daşınması mümkün olan universitetləri kənara köçürmək olar.