BAKI, 10 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin (MN) NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu keçirilir.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, əvvəlcə kurs iştirakçılarına brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib.
Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində HHQ aidiyyatı bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim olunacaq.
Həmçinin aviasiya təminatı ilə bağlı fəaliyyətlər həyata keçiriləcək. Təlim kursu oktyabrın 13-dək davam edəcək.