BAKI, 10 oktyabr — Sputnik. Bu gün səhər saat 08:00-da Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarındakı sərnişinlərdən biri huşunu itirib. Hadisəyə səbəb vaqonlardakı sıxlıq olub. 20-25 yaşlarında olan sərnişinin vəziyyəti haqqında məlumat vermək və ona ilkin tibbi yardım göstərmək üçün maşinistlə əlaqə saxlanılmasına cəhd edilsə də, sıxlıqdan bu, mümkün olmayıb.
Qatarda olan polis əməkdaşının göstərişi ilə sıxlığı azaltmaq üçün sərnişinlərin bir qismi adi sinif vaqondan biznes sinfi vaqonuna keçirilib. Bundan bir qədər sonra isə huşunu itirmiş sərnişin özünə gəlib. Həmin vaqonda daha bir sərnişinin ürəyi sıxılıb, amma o, huşunu itirməyib. Vətəndaşa dərhal ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, ötən həftə Sumqayıt-Xırdalan-Bakı qatarında səhər saatlarında yaşanan dəhşətli sıxlıq etirazlara səbəb olmuşdu. Sıxlıqdan və qatarların gecikməsindən cana yığılan sərnişinlər Bakı Dəmir Yolu Vağzalının stansiya rəisinə etiraz etmişdilər. Vətəndaşlar qatarlarda kondisionerin işləmədiyini, havalandırma sisteminin olmadığını bildirmişdilər. "Hər gün belə zülm yaşayırıq. İşə gecikmək bir yana, havasızlıqdan lap nəfəsimiz kəsilir", - deyə sərnişinlər narazılıq etmişdilər.
Görünən odur ki, sərnişinlərin etirazına baxmayaraq Sumqayıt-Bakı qatarında problem həll olunmayıb. "Azərbaycan Dəmir Yolları" QSC-dən Sputnik Azərbaycan-a bildirdilər ki, Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılıb:
"Sumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə oktyabrın 10-dan Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir".
Qurumdan bildiriblər ki, Sumqayıt-Bakı qatarında artıq problem həll olunub. Həmçinin bildirilib ki, Sumqayıt-Bakı qatarı ilə gün ərzində 23 min sərnişin daşınır. Bu qədər sərnişin arasında kiminsə səhhətində problem yarana bilər. Bu sırf qatarda sıxlıqla bağlı deyil" .
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Sumqayıt-Bakı qatarı ilə yanaşı digər ictimai nəqliyyat növlərində də sərnişin sıxlığı müşahidə olunur:
"Çox təəssüf ki, aidiyyəti qurumlar indi hərəkətə keçiblər. Bu problem birdən-birə yaranmayıb. Bakının böyüməsi, paytaxtda əhali sayının artması bütün dövlət qurumlarının gözü qarşısında baş verib. Məlum məsələ idi ki, bu bir neçə il sonra ictimai nəqliyyatda sərnişin sıxlığına səbəb olacaqdı. Amma aidiyyəti qurumlar vaxtında bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. Nə metro şəbəkəsi genişləndirilib, nə də ki, digər ictimai nəqliyyat növləri yaradılıb. Bakı-Sumqayıt yolunda tıxac səbəbindən sərnişinlar sürət qatarından istifadə edirlər. Artıq qatarda da sərnişinlər sıxlıqdan əziyyət çəkirlər. Odur ki problem köklü şəkildə həll edilməlidir".
E.Muradlının sözlərinə görə, paytaxtda sərnişin sıxlığı təkcə qatarda müşahidə olunmur. Metroda və avtobuslarda da eyni problem yaşanır:
"Metroda da insanlar sıxlıqdan, havasızlıqdan şikayət edirlər. Avtobuslarda da eyni vəziyyətdir. Əvvəllər marşrutlar üzrə sərnişin sıxlığı gündəlik monitorinq edilirdi. Son illər buna əhəmiyyət verilmir. Elə xətlər var ki, gündüz o marşrutlar üzrə çox sayda avtobusun işləməsinə ehtiyac yoxdur. Həmin avtobuslar sıxlıq olan xətlərə yönəldilməlidir. Bu problemin həlli üçün aidiyyəti qurumlar kompleks tədbirlər planı hazırlamalıdırlar".
Ekspertin fikrincə, ictimai nəqliyyatda sərnişin sıxlığı dözülməz həddə çatıb:
"Dövlət qurumları hər kəsi ictimai nəqliyyatdan istifadəyə səsləyir. Amma bilmirlər ki, ictimai nəqliyyatdan istifadə sərnişinlər üçün dözülməzdir. Sərnişinlər ictimai nəqliyyatdan sıxlıq səbəbindən istifadə edə bilmirlər. Bu da taksilərə, şəxsi minik avtomobillərinə tələbatı artırır. Nəticədə yollarda tıxac uzanır. Bu gün Bakı-Sumqayıt yolundakı vəziyyət bunun acı mənzərəsidir. Sumqayıt və Abşeron istiqamətindən Bakıya gələnlər məcbur olub ucuz taksi xidmətindən yararlanırlar. Bu vəziyyət kompleks təhlil edilməli, çıxış yolu tapılmalıdır".
E.Muradlı onu da qeyd edib ki, sərnişin sıxlığı dözülməz həddə çatdıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçir:
"Sumqayıt-Bakı qatarında sıxlıqla bağlı sosial platformada çoxsaylı şikayətlər yayılır. Gərək qatarda sərnişinlərin ürəyi gedə ki, bu sıxlığa əncam çəkilə? Bəs Sumqayıt-Bakı qatarının dispetçeri hara baxır, nəyə nəzarət edir? Niyə vaxtında problemlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə məlumat verilmir? Çox təəssüf ki, dövlət qurumları ancaq insanlar etiraz səslərini ucaltdıqdan sonra problemə əncam çəkirlər. Vaxtında sıxlığı aradan qaldırmırlar".