BAKI, 10 oktyabr — Sputnik. "Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib".
"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan öz haqq mövqeyini müdafiə edir:
"Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir. Biz artıq 2003-cü ildən bu işlə məşğul oluruq. Avropa Məhkəməsində Çıraqov və digərlərinin Ermənistana qarşı şikayəti daxil olduqdan sonra Azərbaycan dövləti bu işlə daha yaxından məşğul olmağa başlayıb. 2015-ci ildə Avropa Məhkəməsinin Çıraqov və digərlərinin Ermənistana qarşı iş üzrə qərarında artıq müharibə cinayətlərini əks etdirən Haaqa Konvensiyasına və nizamnaməsinə istinad olunub və həmin mətndə tarixdə ilk dəfə olaraq beynəlxalq məhkəmənin qərarında Ermənistan dövləti tərəfindən Azərbaycan ərazisinin bir qismini işğal altında saxlaması faktı əks etdirilib".
Ali Məhkəmənin sədr müavini vurğulayıb ki, 2020-ci ilin oktyabrında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib:
"2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim etmişdir. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, biz bu sahədə də qələbə qazanacağıq. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək və Azərbaycan əhalisinin pozulmuş hüquqlarının bərpası məqsədilə Ermənistan üzərinə təzminat müəyyən ediləcək".