BAKI, 10 oktyabr — Sputnik. ABŞ hakimiyyəti Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı "önləyici zərbə" ilə bağlı qalmaqallı bəyanatını dəstəkləməyəcək, çünki onlar münaqişənin genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsini istəmirlər.
Bu fikri amerikalı jurnalist Mark Episkopos "The National Interest" üçün yazdığı məqalədə qeyd edib.
"Ağ Ev Ukraynaya xeyli vəsait yatırsa da, nüvə genişlənməsinin qarşısını almaq və münaqişənin Avropa qitəsində adi silahlardan istifadə etməklə daha miqyaslı müharibəyə çevrilməsinə yol verməmək üçün ciddi hərbi və siyasi sərhədlər yaradıb", - deyə nəşrin rəsmi saytında yer almış materialda bildirilir. Məqalənin müəllifinin "National Interest"də verdiyi məlumata görə, Vaşinqton Ukraynada vəziyyətin "qlobal müharibə"yə çevrilməsini istəmir və bu ssenarinin qarşısının alınması üçün səy göstərəcək.
6 oktyabr 2022-ci il tarixində Avstraliyanın "Loui İnstitutu" analitik mərkəzində videobağlantı vasitəsilə Ukrayna dilində danışan Zelenski bildirib ki, NATO tezliklə və mütləq "öz təzyiqlərindən istifadə qaydalarına yenidən baxmalı" və "Rusiyanın nüvə silahından istifadə etməsinə imkan verməməlidir". Bunun üçün Zelenski Rusiya Federasiyasına qarşı "önləyici zərbələr" taktikasından istifadə etməyi təklif edib. Daha sonra Ukrayna lideri bəyan edib ki, guya onun sözləri düzgün tərcümə edilməyib.
"Kreml hesab edir ki, Zelenskinin bəyanatı, əslində, dünya müharibəsinin başlanmasına çağırış deməkdir", - deyə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.