BAKI, 9 oktyabr - Sputnik. Qış aylarında Türkiyənin enerji problemi olmayacaq.
Sputnik Türkiyə-nin xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gənclərlə görüşü zamanı deyib.
Türkiyə lideri qeyd edib ki, artıq ölkədə qış mövsümünə hazırlıqlar başa çatıb. Avropadakı enerji ilə bağlı çətin vəziyyət Türkiyəyə sirayət etməyəcək.
"İndi Avropada hamı çətin vəziyyətdədir. Biz qışa hazırlığı artıq başa vurmuşuq, ona tam hazırıq, enerji daşıyıcıları ilə bağlı problem yaşamayacağıq. Əhalini təbii qaz və kömürlə təmin etməyə hazırıq", - deyə Ərdoğan bildirib.
Türkiyənin Energetika naziri Fatih Dönməz isə sentyabrın 30-da bildirmişdi ki, ölkənin bütün qaz anbarları 100% doludur. Odur ki, yerli hakimiyyət orqanları qışda vəziyyətin daha da pisləşəcəyini gözləmir. Çünki Ankara əsas tədarükçüsü olan Rusiyadan təbii qaz təchizatında problem yaşamır.