RUSİYA

Putin Krım körpüsünün dağıdılmasını terror aktı adlandırıb

Rusiya prezidenti Krım körpüsünün dağıdılmasını infrastrukturu məhv etmək məqsədi daşıyan terror hücumu adlandırıb.
Sputnik
BAKI, 9 oktyabr - Sputnik. Krım körpüsünün dağıdılmasının müəllifləri, icraçıları və sifarişçiləri Ukraynanın xüsusi xidmət orqanlarıdır. Bu, Rusiya Federasiyasının kritik infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır.
RİA Novosti xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
"Burada, indicə xəbər verdiyiniz kimi, heç bir şübhə yoxdur. Bu, Rusiya Federasiyasının kritik əhəmiyyətli mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır", - Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə deyib.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib ki, müstəntiqlər və Rusiya FTX əməkdaşları Krım körpüsündə terror aktı törətməkdə şübhəli bilinən şəxsləri müəyyən edə biliblər.
"Biz artıq partlayışın baş verdiyi yük maşınının marşrutunu müəyyənləşdirmişik. Bu Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya və Krasnodardır... Daşıyıcılar müəyyən edilib. FTX əməliyyatçılarının köməyi ilə terror aktı hazırlaya bilənlər arasından şübhəli şəxsləri müəyyən etmək mümkün olub”, - deyə Bastrikin Vladimir Putinlə görüşdə bildirib.
O, Krım körpüsündə partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığına aydınlıq gətirib.
"Biz bu partlayışın məqsəd və vəzifələrini öyrənməyə davam edirik. Bu, şübhəsiz ki, terror xarakteri daşıyır. Bu, terror aktıdır. Bizim bütün məlumatlarımız birmənalı nəticə çıxarmağa imkan verir - bu, Ukrayna xüsusi təyinatlıları tərəfindən hazırlanmış terror aktıdır. Bu terror aktının məqsədi Rusiya Federasiyası üçün çox vacib olan böyük mülki infrastruktur obyektini məhv etmək olub”, - Bastrıkin deyib.
Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.