BAKI, 9 oktyabr — Sputnik. ABŞ OPEC+ın neft hasilatını azaltmaq qərarına görə özünə nəzarəti itirməyə başlayıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" kanalında "Moskva.Kreml.Putin" proqramında deyib.
O qeyd edib ki, amerikalılar öz neft ehtiyatları ilə manipulyasiya etməyə çalışırlar. Belə bir oyun isə yaxşı heç nəyə gətirib çıxarmayacaq.
"Budur, sözün əsl mənasında özünə nəzarəti itirməyə başlayan Birləşmiş Ştatların əsas vəzifəsi hətta dünya enerji bazarında sabitliyi pozmaq bahasına da olsa, Avropa İttifaqının sonuncu sanksiyalar paketində qəbul etdiyi qərarları qismən həyata keçirməkdir. Orada müəyyən qiymət həddinin tətbiqi və s. var", - deyə Peskov bildirib.
"Onlar bazara əlavə miqdarda neft çıxarmaqla öz neft ehtiyatlarını manipulyasiya etməyə çalışırlar. Yəni əslində belə oyun yaxşı heç nəyə gətirib çıxarmayacaq", - Peskov əlavə edib.
OPEC+ ölkələri keçən həftə avqust ayı üçün razılaşdırılmış səviyyələri istinad edərək, noyabr ayından dərhal neft hasilatını gündəlik 2 milyon barel azaltmağa qərar verib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken OPEC+ın neft hasilatının azaldılması ilə bağlı qərarından sonra Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra ölkələrə qarşı cavab tədbirlərini nəzərdən keçirdiyini bildirib.
"The Washington Times"ın yazdığına görə, ABŞ konqresmenləri də neft hasilatını azaltdıqlarına görə ərəb ölkələrindən qisas almaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən qoşunların çıxarılmasını təklif ediblər.
"Gərgin tərəfdaşlıq haqqında qanun" adlanan sənəddə deyilir ki, Prezident Cozef Baydenin son aylarda hər iki ölkə ilə danışıqlar aparmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və BƏƏ-də neft hasilatının kəskin azalması ABŞ-a qarşı düşmənçilik aktıdır və onların Ukrayna ilə münaqişədə Rusiyanın tərəfini seçdiyinə açıq işarədir.