PAYTAXT XƏBƏRLƏRİ

Sabahdan Bakıda 15 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

İstiqaməti dəyişdirilən müntəzəm marşrutlar üzrə hərəkət alternativ küçələrlə təşkil ediləcək.
Sputnik
BAKI, 8 oktyabr-Sputnik. Sabah Bakının Rövşən Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Bununla yanaşı, oktyabrın 10-da Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan küçəsi ilə kəsişməsindən “Amor” şadlıq sarayına qədər olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə ( C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.
Xatırladaq ki, bundan öncə - 13 sentyabr saat 20:00-dan 18 sentyabr 2022-ci il saat 20:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, həmin küçənin Koroğlu Rəhimov küçəsindən Aşıq Molla Cümə küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılmışdı.
8 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilmişdi.