QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağa qayıdış turistlərdə regionun təhlükəsizliyinə əminlik yaradacaq - Emin Hüseynov

Hazırda Qarabağın əsas turizm bölgələrindən birinə çevrilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb - Emin Hüseynov
Sputnik
BAKI, 8 oktyabr-Sputnik. Hazırda əsas məsələ azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsidir. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Emin Hüseynov bildirib ki, Qarabağ öz zəngin təbiəti ilə Azərbaycanın zəngin tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir:
“Qarabağın turizm potensialından istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür. Birincisi, ərazidə təhlükəsizliyin təmin edilməsi, ikincisi, infrastruktur yaradılması və üçüncüsü əhalinin geri qayıtması. Ağdam və Füzulidə Zəfər və açıq hava altında işğal muzeyimiz olacaq. Hazırda Füzuli meşə parkı və Ağdam meşə parkının müfəssəl layihə planı hazırlanma mərhələsindədir. Biz azad olmuş ərazilərdə bütün infrastrukturu təmin etməklə yanaşı əhalinin qayıtmasını da təmin edəcəyik. Bu qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq. Təbii ki, vətəndaşımızın qayıdışını təmin edəcək əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Təkcə Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”.
Emin Hüseynov
Hadrut və Tuğun turizm potensialından istifadə ediləcək
O bildirib ki, biz yerli və beynəlxalq ekspertlərlə Qarabağ bölgəsinin potensialını diqqətlə araşdırırıq.
Emin Hüseynov bildirib ki, hələ də regionun investisiya potensialı və turizm potensialı təhlil edilir:

“Hazırda Qarabağın əsas turizm bölgələrindən birinə çevrilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hadrut qəsəbəsi və Tuğ kəndinin turizm potensialı çox genişdir. Ağdam və Füzuli ilə müqayisədə Xocavənd rayonu ciddi şəkildə dağılmayıb. Xocavənd rayonunun turizm potensialı geniş və çoxşaxəlidir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası da bu rayonda yerləşir”.

Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.