BAKI, 8 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Ağdamda mina partlayışı nəticəsində 3 nəfərin xəsarət alması ilə bağlı Tvitterdə paylaşım edib.
Paylaşımda deyilir ki, mina partlaması nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb:
"Müharibənin bitməsindən bəri 259 nəfər həlak olub. Ermənistanın Azərbaycan ərazilərində məqsədyönlü və davamlı olaraq mina basdırmasına münasibət bildirilməli və pislənilməlidir”, - deyə nazir qeyd edib.
Xatırladaq ki, bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərə görə, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu, 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu və 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu xəsarət alıb.
Zərərçəkən şəxslər Bərdə rayon xəstəxanasına yerləşdirilib. Əliyev Ramin Əmir oğlu və Nəcəfov Pərviz Sozalı oğlunun bir ayağı diz nahiyesindən amputasiya edilib.
Abdulxalıqov Səxavət Ələddin oğlu isə sağ əlindən yüngül xəsarət alıb.