İQTİSADİYYAT

Azərbaycanda sahibkarlar üçün yeni qanun gəlir - DETALLAR

Ekspert düşünür ki, rəqabət mühiti yoxdursa, kişik və orta sahibkarlığın inkişafına digər qanunlar o qədər də kömək etməyəcək.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Milli Məclisdə "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Beş fəsil, on beş maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin forma və metodlarını müəyyən edir.
Sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq
Sənədə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq. Həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı müəyyən ediləcək. Layihəyə görə, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılacaq. Eyni zamanda layihə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətlərini müəyyən edəcək.
Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi əsas hədəflərdəndir
Yeni qanun layihəsini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan üçün prioritet məsələlərdən biridir:

"Kiçik və orta sahibkarlıq innovasiyanın cəlb edilməsində, məşğulluğun təminatında xüsusi paya malik olur. Avropa İttifaqında iş yerlərinin 64 faizi məhz kiçik və orta sahibkarların payına düşür. O baxımdan Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi əsas hədəflərdəndir".

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması əsas istiqamətlərdəndir
O bildirib ki, yeni təqdim olunan qanun layihəsində də mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi prioritet məsələlər sırasındadır:
"Yeni qanun layihəsi bu sahədə siyasətin sistemləşdirilməsinə və ünvanlılığın genişləndirilməsinə imkan verəcək. Bu, eyni zamanda imkan verəcək ki, xüsusilə dövlət dəstəyinin artırılması mümkün olsun. Çünki yeni layihə maliyyə təminatının genişləndiriməsi baxımından da vacib hesab olunur. Bu istiqamətdə daha çox vəsaitlərin cəlb edilməsi, mikro, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması əsas istiqamətlərdəndir. Ona görə də yeni qanunun qəbul edilməsi bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsinə, ünvanlılığın və sistemliliyin genişləndirilməsinə və nəticədə bu sahibkarların inkişafına və yeni iş yerlərinin yaradılmasına gətirib çıxardacaq".
Regionlarda sahibkarların kredit resurslarına əlçatanlığı artacaq
"Növbəti illərdə mikro, kiçik və orta sahibkarların Azərbaycanda məşğulluğun formalaşmasındakı payının daha da yüksələcəyi gözlənilir. Yeni qanun həm də kreditləşmə mexanizmlərinin artırılmasını və yeni vasitələrdən istifadə edilməsini nəzərdə tutur. Bu da regionlarda fəaliyyət göstərən sahibkarların kredit resurslarına əlçatanlığını artıra biləcək. Bu qanun layihəsinin mikro, kiçik və orta sahibkarlığın inkişafına xüsusi dəstək olacağı gözlənilir", - deyə millət vəkili əlavə edib.
Qanunların qəbulu hələ problemin həlli demək deyil
İqtisadçı Xalid Kərimli isə Sputnik Azərbaycan-a deyib ki, qanunların qəbulu hələ problemin həlli demək deyil:
"Mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün Vergi Məcəlləsində bir sıra güzəştlər var. Məsələn, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. 2016-cı ildən bu sahibkarlıq subyektlərində yoxlamalar məhdudlaşdırılıb və bunun müsbət təsirləri var. Lakin mikro, kiçik və orta sahibkarların əsas problemlərindən biri maliyyə resurslarına çıxışın məhdud olmasıdır. Onların pul, kapital cəlb etmək məsələsində problemləri ciddidir".
Xalid Kərimli
Rəqabət mühiti olmalıdır

"İkincisi, mikro, kiçik və orta sahibkarlar üçün vergi güzəştləri hələ də arzuolunan səviyyədə deyil. Nəzərə alsaq ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixtisaslı kadrlardan yararlanmaq imkanları məhduddur. Ona görə də onların digər xərclərinin aşağı salınmasına ehtiyac var. Üçüncüsü, bu sahədə rəqabət mühitinin olmamasıdır. Bu da onların fəaliyyətinə çətinlik yaradır. Rəqabət mühiti yoxdursa, bu sahənin inkişafına digər qanunlar o qədər də kömək etməyəcək. Bu subyektlərdə tənzimləmə, vergilərin ödənilməsi sadə və rahat olmalıdır", - deyə o qeyd edib.

Sənəd parlamentdə müzakirə edilib
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında yeni qanun layihəsi müzakirə edilib. Komitə sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.
Bildirib ki, ötən müddət ərzində sahibkarlığın dəstəklənməsi istiqamətində həm dövlət, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən lazımi addımlar atılıb. Sahibkarlara güzəştli kreditlər verilib, subsidiyalar ayrılıb, yeni iş yerlərinin açılmasına şərait yaradılıb. O, qanun layihəsinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib. O sənədin bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Artıq yeni strateji kursun icrasına başlanılıb
İclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib ki, dünyada baş verən böhrana baxmayaraq, ölkəmizdə sabit və davamlı inkişaf təmin edilir, mənfi iqtisadi maliyyə təsirlərinin qarşısı alınır, müsbət iqtisadi və sosial inkişaf dinamikası müşahidə olunur, müasir çağırışlara cavab olaraq artıq yeni strateji kursun icrasına başlanılıb:
"Ölkəmizdə daha güclü, diversifikasiya olunmuş və dinamik iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı işlər görülməkdədir. İqtisadi inkişafın təmin edilməsində xüsusi rol oynayan kiçik və orta biznes subyektləri bu proseslərin həyata keçirilməsində mühüm töhfələr verə bilərlər", - deyə o bildirib.
Sahibkarlar öz fəaliyyətlərində qanundan lazımınca yararlanacaqlar
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanda kiçik və orta biznes subyektlərin mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
O, təqdim edilən qanun layihəsinin vacibliyini qeyd edərək sahibkarların öz fəaliyyətlərində ondan lazımınca yararlanacağını söyləyib. Bildirilib ki, "Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ölkə iqtisadiyyatında kiçik və orta biznes subyektlərin payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Müasir tələblərə cavab verən hüquqi tənzimləməni özündə ehtiva edən sənəd ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Müzakirələrin sonunda "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xatırladaq ki, sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub.
Yeni qanuna əsasən, dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara baxılması "İnzibati icraat haqqında" qanunla təsdiq edilmiş qaydada həyata keçiriləcək.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq qurum tərəfindən təsdiqlənəcək. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı həmin əsasnamə ilə müəyyən ediləcək.
Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyin növləri müəyyənləşir
Layihəyə görə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığına, təkrar hazırlığına və ixtisaslarının artırılmasına dövlət dəstəyi aşağıdakı formalarda göstəriləcək:
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı və ixtisaslarının artırılması proqramlarının hazırlanması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçiləri üçün vahid təlim, məsləhət və müxtəlif formatlardan (praktiki məşğələlər, işgüzar oyunlar, mühazirə kursları) istifadə etməklə distant təlim xidmətlərinin göstərilməsi;
işaxtaranların sahibkarlıq fəaliyyətinin əsaslarına yiyələnməsinin, gənclər arasında sahibkarlığın, habelə ailə və qadın sahibkarlığının təbliği;
qabaqcıl texnologiyaların tətbiqi və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakına kömək göstərilməsi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinə təlim keçən təlimçilərin hazırlanması.
Qanun layihəsinə əsasən, Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması;
mikro, kiçik və orta sahibkarlığın davamlı inkişafının təmin edilməsi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), onların intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara çıxmasına kömək edilməsi;
vətəndaşların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluğun inkişafı;
ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payının artırılması.
Bu qanun qüvvəyə mindiyi gündən "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanun ləğv ediləcək.
Kimlər mikro, kiçik, orta və iri sahibkarlardır?
Onu da bildirək k, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkarlıq, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 200-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunur.
Qeyd edək ki, hər bir sahibkarlıq subyekti üçün hər iki şərt (işçi sayı və gəlir) mütləq təmin olunmalıdır. "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" 2018-ci ildə təsdiq edilib.