BAKI, 7 oktyabr — Sputnik. Sentyabr ayı üzrə 310 müraciətçinin 248-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Azərbaycan ali məktəblərinin diplomları, arxiv şəkli
© Sputnik / Anar Mustafayev
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 98, Türkiyə Respublikasından 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarus Respublikasından 14, digər ölkələrdən isə 30 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.