CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il istilik təchizatı üçün qiymətlər dəyişəcəkmi - "Azəristiliktəchizat" açıqladı

Ölkədə 4000-dən çox məktəb var, lakin onların çox az hissəsi - 250-yə yaxın təhsil müəssisəsi "Azəristiliktəchizat"ın balansına düşür.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. "Azəristiliktəchizat" ASC 2022-2023 payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri davam etdirilir. İşlərin plana uyğun olaraq oktyabrın sonuna tam yekunlaşdırılacağını nəzərdə tutulur.
Ucqar rayonlarda istilik mövsümü nə zaman başlayacaq?
"Azəristiliktəchizat"dan verilən məlumata görə, istilik mövsümünün başlanılması respublikanın dağ rayonlarında 1 Noyabrdan, Bakı şəhəri və digər rayonlarda 15 Noyabr tarixindən nəzərdə tutulur. İstilik mövsümü qanunvericiliklə tənzimlənir və "Azəristiliktəchizatı" ASC qanunvericliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır.
Hazırlıq işlərinə nə zamandan başlanılır?
Qurumdan bildirilib ki, hər il olduğu kimi cari ildə də 2021-2022-ci il payız-qış mövsümü başa çatdıqdan dərhal sonra (15 Aprel 2022-ci ildən etibarən) əvvəlki mövsümün nəticələri, nöqsanlar və abonentlərin müraciətləri, yeni mövsümdə istilik sistemlərinin və infrastrukturunun plan üzrə nəzərdə tutulan təmir-bərpa və nəzarət işləri də daxil olmaqla geniş miqyaslı və kompleks illik fəaliyyət planı hazırlanır və icra edilib.
1 oktyabr tarixinədək hansı işlər həyata keçirilib?
Yeni mövsümə hazırlıqla bağlı xüsusi komissiya təsis olunur. Bu çərçivədə 30 Sentyabr 2022-ci il tarixinədək aşağıdakı hazırlıq və təmir-bərpa işləri həyata keçirilib:
İstilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib;
967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub;
732 ədəd qazan aqreqatı, 1378 ədəd nasos, 8658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib;
1002.2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 9.44 km istilik boru xətləri əsaslı təmir olunub;
1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib;
İstilik xətlərində 2978,43 m2 istilik örtük qatı təmir olunmuş, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənmiş, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub;
447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.
Mövsümə hazırlıqla əlaqədar olaraq yaradılan komissiya tərəfindən Bakı şəhəri və respublikanın regionları daxil olmaqla bütün qazanxana və istilik məntəqələrinə nəzarət baxışı həyata keçirilib.
Məktəblərlə bağlı vəziyyət necədir?
"Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov bildirib ki, bu mövsüm qurumun balansında olan məktəblərdə istiliklə bağlı heç bir problem olmayacaq:

"Ölkədə 4000-dən çox məktəb var, lakin onların çox az hissəsi "Azəristiliktəchizat"ın balansına düşür. Bizim balansımızda olan məktəblərdə heç bir problem olmayacaq. Söhbət 250-yə yaxın təhsil müəssisəsindən gedir. Digər təhsil müəssisələrində də xidmətin düzgün təşkil olunması üçün Elm və Təhsil Nazirliyinə köməklik göstəririk".

Məktəbin sinif otağında odunla qızdırılan soba, arxiv şəkli
İstiliyin verilməsində problem gözlənilirmi?
R.Məhərrəmov onu da bildirib ki, təmsil etdiyi qurumun bu il "Azəriqaz"la bağlı heç bir problemi olmayacaq:
"Cari il üçün borcun 90 faizi ödənilib və yaxın zamanda qalıq borc da ödəniləcək və ilin sonunda "Azəriqaz"a olan borcumuz yekunlaşacaq".
Qurum rəsmisi bildirib ki, "Azəristiliktəchizat" ASC tam kommersiya müəssisəsi deyil. Qurumun sosial məsuliyyəti də var:
"Bu səbəbdən dövlətin maliyyə dəstəyi vacibdir. Əks halda xidməti tam təşkil etmək olmaz".
Qiymət artımı üçün müraciət edilib?
R.Məhərrəmov onu da qeyd edib ki, qiymətlərin dəyişdirilməsi ilə bağlı isə Tarif Şurasına heç bir müraciət olunmayıb.
Qeyd edək ki, 15 aprel 2022-ci ildə “Azəristiliktəchizat” ASC-də 2021-2022-ci illər payız qış mövsümünün sona çatması ilə bağlı keçirilən mətbuat konfransında istilik tariflərinin maya dəyərindən bir neçə dəfə aşağı olmasına baxmayaraq, onun sosial yönümlüyü nəzərə alınaraq artırılmasının gündəmdə olmadığı və bununla bağlı heç bir müraciətin edilmədiyi birmənalı olaraq bildirilib və bütün KİV-də aydın şəkildə açıqlanıb.
"Azəristiliktəchizat" ASC tərəfindən istifadə edilən təbii qazın dəyərinin tam ödənilməsinin təmin edilməsi üçün təbii olaraq müxtəlif rəy və təkliflər müzakirə edilir, təhlillər aparılır. Lakin son nəticədə bu məqsədlə ilk növbədə xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması, həmçinin enerjisəmərəliliyi və izafi istilik itkilərinə yol verilməməsi əsas prioritet kimi müəyyən edilib".
Məlumat üçün bildiririk, hazırda "Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik təchizatı xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən 1 m2 yaşayış sahəsi üçün aylıq ƏDV daxil 0,15 manat müəyyən edilib.
Onu da qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin keyfiyyətli istilik təchizatını təmin etməkdən ibarətdir.
Kommunal xidmətlər üçün ödəniş qəbzləri, arxiv şəkli
"Azəristiliktəchizat" ASC şirkəti Bakı şəhəri və Respublikanın digər regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb,160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edir. Şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və 43 qazanxana vasitəsilə 3775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakin, 75 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin edir.
Bu xidmətləri yüksək keyfiyyətdə göstərmək üçün şirkət 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20000-dən artıq müxtəlif mühəndislik qurğularını idarə edir.
Şirkətin daimi 1200-ə yaxın əməkdaşı, istilik mövsüm zamanı isə 2250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır.
Bakı şəhərində 22 İstilik Sistemlərinin İstismar Sahə idarələri, digər şəhər və rayonlarda 46 İstilik Sistemlərinin İstismar Sahə idarələri fəaliyyət göstərir.