DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə İsveçdən terrorçuların ekstradisiyasını tələb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Finlandiya və İsveç Ankaranın tələblərinə əməl etmədikləri təqdirdə onların NATO-ya girişi dondurula bilər.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Türkiyə Ədliyyə Nazirliyinin nümayəndələri terror fəaliyyətlərində iştirak edən şəxslərin ekstradisiyasını İsveçdən yenidən tələb ediblər. Bu barədə yerli "TRT" telekanalı məlumat yayıb.
Ankara daha əvvəl də İsveçdən bu şəxslərin ekstradisiyasını tələb etmişdi.
Müvafiq tələbin İsveç Ədliyyə Nazirliyinin nümayəndələri ilə məsləhətləşmələrdə elan edildiyi bildirilir.
Türkiyə tərəfi Kürdüstan Fəhlə Partiyası üzvlərinin, həmçinin, lideri 2016-cı ildə dövlət çevrilişinə cəhddə şübhəli bilinən FETÖ təşkilatının 7 üzvünün ekstradisiyasını tələb edib.
Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci ilin yayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə tərəfi bu ölkələrin Ankaranın terrorçu hesab etdiyi təşkilatlara dəstəyinə görə onların alyansa daxil olmasına mane olacağını bəyan edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Finlandiya və İsveç Ankaranın tələblərinə əməl etməsələr, o zaman onların NATO-ya girişi dondurula bilər.