BAKI, 6 oktyabr — Sputnik. 2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də "ƏDV geri al" mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna olunması ilə bağlıdır.
Dövlət Vergi Xidmətindən bildirilib ki, dəyişikliyə əsasən, cari il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.
Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb.
Bununla yanaşı, "ƏDV geri al" mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub.
Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il yanvarın 1-dən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.
Bu il istehlakçılara 130 milyon manatdan çox ƏDV geri qaytarılıb
Xatırladaq ki, indiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının sayı 74.242-dir. 2022-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz çoxdur.