RUSİYA

Rusiya XİN rəsmisi: Almaniyanın hərəkətləri ABŞ-ın tapşırıqlarına tam uyğundur

Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru bildirib ki, Almaniyanın hərəkətləri Vaşinqtonun Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaq tapşırığına tamamilə uyğundur.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Almaniya siyasətçilərinin Rusiya qazının idxalından imtina etməyə hazır olduqları barədə bəyanatları göstərir ki, Berlin Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaq vəzifəsini onların qarşısına qoyan Vaşinqtonun rusofob göstərişlərinə qəti şəkildə əməl edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin RİA Novosti-yə müsahibəsində bildirib.
"2023-cü ilin sonuna qədər Rusiya qazının idxalından imtina etməyə hazır olmağa dair bütün səs-küylü bəyanatlar, bununla bağlı yaşanan qürur, Almaniyanın indi Rusiya qazı olmadan dolanmasının böyük əhəmiyyəti barədə deyilənlər Almaniya siyasi elitasının ABŞ-ın rusofob siyasətinə qətiyyətli bağlılığını göstərir", - deyə diplomat bildirib.
"Bu, Vaşinqtonun Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmaq tapşırığına tamamilə uyğundur", - o vurğulayıb.
Tyapkin bildirib ki, bu istiqamətdə görülən tədbirlər rəsmi Berlin tərəfindən hələ Angela Merkel hökuməti dövründə həyata keçirilib.
"İndi biz bu strategiyanın nəticələrini görürük. Olaf Şolts kabinetinin bu sahədəki "uğurlarını" geriyə baxaraq görmək kifayətdir və hər şey aydın olacaq. Bu, "Şimal axını 2"nin istismara verilməsinə qadağadır. Həmçinin "Qazprom"un Almaniyadakı törəmələrinə təzyiq (sonradan müsadirə ilə), Almaniyada "Rosneft"in aktivlərinin de-fakto milliləşdirilməsi, Kiyev və Varşava tərəfindən qaz tranzitimizin bloklanması ilə əlaqədar Berlinin hərəkətsizliyi, "Şimal axını-1" üçün avadanlıqların təmiri və texniki xidmət ilə bağlı sanksiyalara səssizlik də bura aiddir. Eyni zamanda, Rusiya etibarsız təchizatçı elan edilir və müqavilələri pozmaqda, "enerji silahları"ndan istifadə etməkdə ittiham olunur", - diplomat əlavə edib.
Daha əvvəl Almaniya Kansleri Olaf Şolts bildirib ki, Almaniyada LNG qəbulu üçün ilk terminal gələn ilin yanvarında fəaliyyətə başlayacaq və 2023-cü ilin sonundan Almaniya "ən azı" dörd yerdən LNG idxal edə biləcək. Onun sözlərinə görə, bu, Almaniyaya Rusiyanın qaz tədarükündən azad olmağa imkan verəcək.
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev RİA Novosti agentliyinə müsahibəsində bildirmişdi ki, Berlin və Moskvanın yaxın illərdə enerji layihələrində əvvəlki əməkdaşlığa qayıtması Rusiya üçün şübhəlidir. Eyni zamanda o, qeyd edib ki, Rusiya hətta sabah da "Şimal axını-2"ni işə salmağa hazırdır.
Daha sonra Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya tez bir zamanda "Şimal axını-2" xətlərindən biri ilə qaz tədarükünü təmin edə bilər.
Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac etdiyi iki kəmərdə eyni vaxtda qəzalar baş verib.
Danimarka və İsveç hökumətlərinin məlumatlarına görə, Bornholm adasının yaxınlığında "Şimal axını"nda iki və "Şimal axını-2"-də isə bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etmir.
Rusiya tərəfi "Şimal axını"nda baş verən qəza ilə bağlı Danimarkadan rəsmi açıqlama istəyib.