BAKI, 6 oktyabr — Sputnik. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində son illər aparılan köklü islahatlar çərçivəsində bu sahələr üzrə idarəçilik və xidmətlərin elektron infrastrukturu, sosial ödənişlərin e-təyinat mexanizmləri yaradılıb. Eyni zamanda hazırda bu sahələr üzrə sənədlərin elektron arxivləşdirilməsi işləri də aparılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində arxiv, inventarizasiya işinin təşkili və kağız daşıyıcılarda olan sənədlərin e-arxivləşdirilməsi istiqamətində görülən işlərə dair iclasda bildirilib.
Arxivə təhvil verilmiş sənədlərin sistemləşdirilməsi, etibarlı saxlanması və uçotunun təşkilinin, mövcud sənədlərin mütəmadi inventarizasiyasının vacibliyi və bu sahədə ardıcıl işlərin aparıldığı qeyd edilib.
Elektronlaşdırma proqramının arxivləşdirmə sahəsini də əhatə etdiyi, pensiya, əlillik və s. işlər üzrə kağız daşıyıcılar üzərindəki məlumatların elektronlaşdırılması işlərinin davam etdirildiyi bildirilib.
İclasda arxiv işinin təşkili sahəsində görülmüş işlərə dair təqdimat edilib. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında arxivə təhvil verilmiş sənədlərin sistemləşdirilməsi, kağız daşıyıcıda olan pensiya işlərinin səliqəli və etibarlı şəkildə saxlanması vəziyyətinə dair məlumatlar verilib.
Eyni zamanda, pensiya, əlillik və s. üzrə kağız daşıyıcılar üzərində olan məlumatların elektronlaşdırılaraq müvafiq e-sistemlərə, o cümlədən pensiya işlərinin "Pensiya" altsisteminə inteqrasiya olunması işlərindən bəhs olunub. Bu sahələrdə görülən işlər müzakirə edilib.