RUSİYA

Mişustin Xəzər Forumunda perspektivli layihələrin müzakirəsini təklif edib

Rusiyanın Baş naziri əmindir ki, bugünkü görüşün yekunlarına əsasən Xəzər regionunda çoxşaxəli əməkdaşlığın inkişafına yeni təkan və son nəticədə dövlətlərin vətəndaşlarının rifahının yaxşılaşdırılmasına töhfə verəcək tamamilə konkret qərarlar qəbul edəcəklər
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Moskvada keçirilən Xəzər İqtisadi Forumunun iştirakçılarını “beşlik” formatında başlanıla biləcək perspektivli iqtisadi layihələri müzakirə etməyə dəvət edib. Rusiya hökumətinin başçısı öz təklifini nümayəndə heyətlərinin başçıları ilə məhdud formatda keçirilən görüşündə açıqlayıb.
Mişustin xatırladıb ki, bu yaxınlarda Aşqabadda keçirilən Xəzər sammitində Xəzəryanı regionun dövlət başçıları mühüm əməkdaşlıq məsələlərini müzakirə ediblər və müxtəlif sahələrdə bir sıra yeni təşəbbüslər irəli sürüblər.
"Xəzəryanı dövlətlərin rəhbərləri tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə birgə işimizin parametrlərini məhdud formatda razılaşdırmağı təklif edirəm. İstərdim ki, "beşlik” formatında həyata keçirə biləcəyimiz ən perspektivli iqtisadi layihələri nəzərdən keçirək. Bizim geniş maraqlı gündəliyimiz var. Əminəm ki, bugünkü görüşün yekunlarına əsasən biz Xəzər regionunda çoxşaxəli əməkdaşlığın inkişafına yeni təkan verəcək və son nəticədə dövlətlərimizin vətəndaşlarının rifahının yaxşılaşdırılmasına töhfə verəcək tamamilə konkret qərarlar qəbul edəcəyik”, - deyə Mişustin bildirib.
Mişustinlə birlikdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Əlixan Smailov, İranın birinci vitse-prezidenti Məhəmməd Mohber və Türkmənistanın Baş nazirinin müavini Xocamırat Geldımuradov Xəzər İqtisadi Forumunda iştirak edəcəklər. Keçiriləcək görüşdən sonra onlar Forumun plenar iclasında iştirak edirlər.