"Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq", - deyə dövlət başçısı vurğulayıb.
"Mina məsələsi bütün görüşlərdə qaldırılır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib. Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.
“Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”.