BAKI, 6 oktyabr — Sputnik. Heydər Əliyev Fondu Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyini 2022-ci ilin sentyabrından bərpa etməyə başlayıb. Bunu Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bərpa işlərində əsas məqsəd ev-müzeyinin tarixi görünüşünü qoruyub saxlamaqdır.
Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib.
Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.
Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.
Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.