BAKI, 5 oktyabr — Sputnik. Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan imtina etməsi ilə bağlı mövqeyi taxıl sazişinin perspektivlərinə təsir etməyəcək, lakin Moskva razılaşmaların tənqidi təhlilində israrlıdır. Bunu Rusiya Xarici işlər nazirinin müavini Sergey Verşinin RİA Novosti-yə bildirib.
"İstanbul sazişləri bağlanıb və hələ də qüvvədədir. Biz iki memorandumun icrasını diqqətlə izləyirik və hesab edirik ki, BMT Baş katibinin təşəbbüsünün necə həyata keçirildiyinə dair tənqidi təhlilə ehtiyac var", - deyə Verşinin qeyd edib.
Eyni zamanda o, ərzaq sövdələşməsinin perspektivləri və Kiyevin Rusiya ilə danışıqlarla bağlı bəyanatları arasında "heç bir əlaqə görmür".
Bundan əvvəl Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya prezidenti ilə danışıqların mümkünsüzlüyü barədə qərarının icrası ilə bağlı fərman imzalayıb.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".