TƏHSİL

İyirmi bir nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Sentyabr ayında 58 nəfərə fəlsəfə doktoru, 14 nəfərə elmlər doktoru dərəcəsi verilib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Bu ilin sentyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb. Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, ötən ay 21 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Sentyabr ayında 58 nəfərə fəlsəfə doktoru, 14 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 20 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 1 nəfərə isə imtina cavabı gəlib.
Həmçinin ötən ay 10 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.
Xatırladaq ki, bu ilin ilk yarısında 230 nəfərə fəlsəfə doktoru, 34 nəfərə elmlər doktoru adı verilib. 116 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. 127 nəfərə dosent, 15 nəfərə isə professor elmi adı verilib. 15 nəfərə elmi ad verilməsindən imtina edilib.
İyirmi nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb, 6 nəfərin sənədinin tanınmasına isə imtina cavabı verilib.
Ali Attestasiya Komissiyası Azərbaycan Prezidentinin 1992-ci il 23 aprel tarixli Fərmanı ilə Nazirlər Kabinetinin yanında yaradılıb, sonradan Dövlət Elm və Texnika Komitəsinin tabeliyinə verilib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü il 6 yanvar tarixli Fərmanı ilə Ali Attestasiya Komissiyası Dövlət Elm və Texnika Komitəsinin tərkibindən çıxarılaraq Azərbaycan Prezidentinin tabeliyinə verilib və Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası adlandırılıb.
Ali Attestasiya Komissiyası respublikada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elm, texnika, təhsil, mədəniyyət və incəsənətin bütün sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.