BAKI, 5 oktyabr — Sputnik. Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb.
Bunu APA-ya rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var.
"Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar", - Cavid Qurbanov əlavə edib.
Xatırladaq ki, bir müddət öncə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov demişdi ki, bu addımın məqsədi və hədəfi Bakı şəhərində taksi fəaliyyətinin mükəmməlləşməsidir. Hazırda taksi fəaliyyətində çoxlu sayda problemlərin olduğunu deyən ekspert onların həll olunmasını labüd hesab edir: "Hazırda istənilən adam maşınının damına "şahmat" qoyub taksi kimi fəaliyyət göstərə bilər. Aqreqatorların fəaliyyəti tənzimlənmir, kimi istəyirlər, xidmətə qoşurlar, taksi sürücülərini 14 saat iş vaxtı ilə istismar edirlər. Həmçinin, sürücülərə dair tələblərə riayət olunmur".
Ə.Hüseynov taksi qiymətlərinin dəyişilməsinin şəraitdən asılı olacağını güman edir: "Əgər sadaladığım problemlər həll olunsa, qiyməti bazar özü tənzimləyəcək. Bakıda taksi sürücülərinin sayı məlum deyil. Bəlkə 100 min taksi sürücüsü var. Onların bir faizi lisenziya alıb, ya yox. Yerdə qalan 99 minin bəlkə heç sənədi də yoxdur. Qiyməti tənzimləmək üçün bu işlərlə məşğul olan adamların dairəsi məlum olmalıdır".