İQTİSADİYYAT

İstanbulda Azərbaycan-Türkiyə II Enerji Forumu keçiriləcək

Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis olunub
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Cari il oktyabrın 5-6-da Türkiyənin İstanbul şəhərində Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu keçiriləcək.
Energetika Nazirliyindən bildirilib ki, iki gün davam edəcək Forumun birinci günündə karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, həmçinin enerji tənzimləmə istiqamətləri üzrə fəaliyyət göstərən birgə İşçi Qruplarının iclasları baş tutacaq.
Tədbirin ikinci günündə isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz də daxil olmaqla bir sıra yüksəkvəzifəli şəxslərin çıxışları, həmçinin Forumun yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis olunub və ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda keçirilib.
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçirilib. İki gün davam edən Forum Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində, strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilib.
Forumdan öncə həmsədrlər arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında möhkəmlənən sıx münasibətlərdən danışılıb, energetika sahəsində əməkdaşlığın inkişafı perspektivlərindən bəhs edilib.
Forumda açılış nitqi ilə çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunu zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirib. Təhlükəsizliyi, inkişafı və tərəqqini təmin edən Azərbaycan-Türkiyə birliyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regionda yeni geosiyasi reallıqların və inkişaf proseslərinin aparıcı faktoru olduğu bildirilib.
Tədbirin sonunda Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalanıb. "Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu"nu, həmçinin "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu"nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.