RUSİYA

Şimal-Cənub dəhlizi Rusiya üçün strateji əhəmiyyət kəsb edir - Arkadi Zloçevski

Rusiya Taxıl İttifaqının prezidenti bildirib ki, Azərbaycanda və İranda yaradılan logistika artıq Rusiya ərzaq məhsullarının tədarükünə kömək edir.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Şimal-Cənub dəhlizi Rusiya üçün strateji və prinsipial əhəmiyyət kəsb edir. Bunu Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski bildirib.
"Rusiya bu gün öz ərzaq məhsullarının cənuba, xüsusən də Fars körfəzi istiqamətində tədarükünü genişləndirməyə yönəlib. Bizim nöqteyi-nəzərimizdən bu, hazırda son dərəcə bol Rusiya ərzaq məhsullarının satışı baxımından çox vacib regiondur. Bu il bütün tarixi dövrlər üçün rekord məhsul əldə edilib. Belə paylama kanalları və istehlakçılara malların tranzit marşrutlarının təşkili indiki şəraitdə vacib məsələdir", - deyə Zloçevski bildirib.
O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini Rusiya Federasiyası üçün strateji və əsaslı əhəmiyyətli hesab etdiyini vurğulayıb.
Qurum rəhbərinin sözlərinə görə, Azərbaycanda və İranda yaradılan logistika artıq Rusiya ərzaq məhsullarının tədarükünə kömək edir:

"Hazırda İran ərazisində bunun üçün müvafiq infrastruktur artıq fəaliyyət göstərir. Rusiyalı sərmayəçilər elevator və yükdaşıma qovşağı inşa ediblər. Bütün bunlar Rusiya mallarının Azərbaycan və İran ərazisindən tranzitini təmin edir".

Eyni zamanda o qeyd edib ki, rublun həddən artıq güclü məzənnəsi Rusiya ərzaq məhsullarının tədarükçüləri üçün problemlər yaradır.
"Bu, ixrac axınını zəiflədir, hamısı azalır. Amma biz onu da başa düşməliyik ki, bu, müvəqqəti vəziyyətdir. Biz yaxın gələcəkdə vəziyyətin yaxşılaşacağını gözləyirik", - deyə Zloçevski fikirlərini yekunlaşdırıb.