CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səngərdən məktəbə - Bu şərəfli peşəni daşıyanlar arasında qazilərimiz də var

44 günlük müharibədə iştirak etdikdən sonra məktəblərdə müəllim işləyən qazilər bu peşədə çalışdıqlarından məmnundurlar.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlik ən şərəfli peşələrdən olduğundan, Vətən müharibəsində iştirak edərək torpaqlarımızın bütövlüyü uğrunda döyüşənlər arasında da bu gün bu müqəddəs peşədə çalışanlar var. Sputnik Azərbaycan 44 günlük müharibədə iştirak etdikdən sonra məktəblərdə müəllim fəaliyyətinə başlayan qazilərimizlə həmsöhbət olub.
Onlardan biri Sənan Həsənovdur. 4 il 8 ay 7 gün hərbi xidmətdə olan Sənan bu gün öz peşə bayramını qeyd edir. Deyir ki, müəllim sənətini çox sevsə də, nə vaxtsa məktəbdə müəllim işləyəcəyi ağlına gəlməzdi. Amma 44 günlük müharibə Azərbaycan xalqının taleyini dəyişdiyi kimi, Sənanında taleyində dəyişikliyə səbəb olub. Vətən müharibəsinin ilk günündən komandir müavini kimi döyüşə atılan S. Həsənov Cəbrayıl və Füzulu istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də ayaqlarından və başından 9 güllə yarası alan S. Həsənov ağır vəziyyətdə hospitala yerləşdirilib. S. Həsənov hərbiyə yararsız olsa da, bu sahədə biliklərini gələcək nəsilə öyrətməkdə davam edir.
O, 44 günlük müharibədən sonra Qubadlı rayon 1 nömrəli məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənni tədris etməyə başlayıb. Ötən ilin noyabr ayından müəllim işləyən Sənan deyir ki, əvvəl dövlətə hərbi formada xidmət edirdisə, indi mülki formada xidmət edir: "Hazırda gələcəyin çağırışçılarının vətənpərvər ruhda böyüməsi üçün çalışıram. Onlara hərbi peşəsinin sirlərini öyrətməklə yanaşı, keçdiyim şərəfli döyüş yolundan danışıram. Çalışıram ki, şagirdlər vətənpərvər ruhda tərbiyə alsın. Bu bizim ən ümdə vəzifəmiz olmalıdır. Çünki, müəllim təkcə elm öyrətmir. Məktəbin, müəllimin əsas vəzifələrindən biri də vətənpərvər gənclər yetişdirməkdir. Bir müəllim kimi bu vəzifəni icra etdiyim üçün xöşbəxtəm".
Mais Kazımov da 44 günlük müharibədən sonra müəllim fəaliyyətinə başlayan qazilərimizdəndir. Şərqi Zəngəzur Regional təhsil müəssisələrindən birində, Qubadlı rayonu Teymur Müskanlı kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı fənni tədris edən M. Kazımov prezident tərəfindən Vətən müharibəsində şücaətinə görə üç medal alıb. Müharibəyə qədər ehtiyatda olan zabit M. Kazımov Vətən darda olan kimi döyüşə atılıb. Cəbrayıl Qubadlının işğaldan azad olunmasında iştirak edən M. Kazımov müharibədən sonra da Vətənə yararlı işdə çalışmaq üçün müəllimlik peşəsində çalışmağa balayıb.
Mais Kazımov
Həmsöhbətimiz bildirib ki, müəllim işini də sevə-sevə görür: "Hansı peşədə çalışmağımızdan asılı olmayaraq hər bir vətəndaşım amalı Vətənə xidmət olmaldıır. Çalışıram ki, işlədiyim məktəbdə təhsil alan gənclər vətənpərvər ruhda böyüsün. Onlarla bu barədə söhbət aparıram. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan döyüş yoldaşlarımın keçdiyi şərəfli yoldan danışıram. Hiss edirəm ki, bu cür söhbətlər gənclərdə vətənpərvərlik hissi oyadır. Onlar torpaqlarımızın necə işğaldan azad edildiyini bilməlidirlər ki, o torpaqları qorumağın müqəddəs amal olduğunu dərk etsinlər".
M. Kazımov müharibənin onun səhhətində iz buraxdığını, bu gün peşə bayramları olsa da, xəstəxanada müalicə olunduğunu söyləyib.
M. Kazımov sonda ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni tədrisinin qazilərə həvalə olunmasına görə Elm və Təhsil Naziri Emin Əmrullayevə minnətdarlığını ifadə etdi.
Xatırladaq ki, 44 günlük müharibədə 760 təhsil işçisi iştirak edib. Onlar qəhrəmancasına döyüşərək şücaət göstəriblər. Müharibədə iştirak edən təhsil işçilərindən 20 nəfəri şəhadətə qovuşub.
Qeyd edək ki, Vətən müharibəsi zamanı sinif otağını səngərə dəyişən müəllimlər arasında da şəhidlik zirvəsinə ucalanlar oldu. Onlar Vətən yolundakı bu qəhrəmanlıqları ilə bütün şagirdlər üçün əsl vətənpərvərlik nümunəsinə çevrildilər.