BAKI, 5 oktyabr — Sputnik. Tarixi abidələrimiz Azərbaycanın mədəni sərvətidir və əcdadlarımızdan qalan mirasdır. Üzərində kiril əlifbası ilə yazılar olan heykəllər sovet dövründə ucaldılmış abidələrdir. Bu sözləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
"Biz də Azərbaycan dövləti olaraq onlara qayğı göstərməliyik, amma burada təkcə dövlət yox, məncə, bütün vətəndaşlar öz mirasına, mədəniyyət abidələrinə sahib çıxmalıdırlar. Kiril əlifbası ilə olan heykəllər Sovet İttifaqı dövründə ucaldılmış heykəllərdir. Hələ də köhnə əlifba ilə yazılmış yazılar var. Bu da bir tarixdir. Biz hər bir tarixə, hər bir ənənəyə hörmətlə yanaşmalıyıq. Əslində hər bir ənənəni saxlamaqla onun dəyərini artırmış oluruq", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, indiki Rəsulzadə, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi.
Ötən əsrin 20-ci illərinin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı. Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur.
Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. Şəhərin mərkəzində xeyli ərazidə yenidənqurma işəlri aparıldı və yeni binalar tikildi.
Keçən əsrin 50-ci illərində binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintində sənaye bazasının genişləndirilməsi ilə bağlı tədbirlər Azərbaycan sovet memarlığında yeni mərhələnin başlanğıcını qoydu. Həmin tədbirlər boş sahələrdə kütləvi mənzil tikintisini nəzərdə tuturdu. Bu isə layihə üsullarının kökündən dəyişdirilməsini tələb edirdi. Fərdi layihələrin yerini ayrı-ayrı hissələri yeni yaradılmış evtikmə kombinatlarında hazırlanan sənaye əsaslı eyni tipli evlərin tikintisi tutdu.
Məhz bu üsulun sayəsində qısa müddət ərzində iri yaşayış massivləri salındı.
1960-cı illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilib.
Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucadılıb. Bunların tam əksəriyyəti ümummilli liderimiz o zaman Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilib.