BAKI, 5 oktyabr — Sputnik. Ötən gün Şəkinin Cəfərabad kənd tam orta məktəbində müəllimlər dərsləri boykot edib. Müəllimlərin boykot qərarına səbəb ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunan direktor Rahim Salamovun yenidən işə qayıtması, "mən direktoram" deməsidir.
Maraqlıdır, işdən uzaqlaşdırılan direktor necə geri qayıda bilər? Sputnik Azərbaycan məsələyə aydınlıq gətirməyə çalışıb.
Şəki-Zaqatqala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Sputnik Azərbaycan-a açıqlamasında vəziyyətin bu həddə gəlib çatmasının səbəbini izah edib.
O bildirib ki, rəhbərlik etdiyi regional təhsil idarəsi yarandıqdan sonra, may ayında idarənin əməkdaşları bir sıra məktəblərdə, həmçinin də adıçəkilən məktəbdə daxil olan şikayətlərə əsasən monitorinq aparıblar:
"Şikayətə əsasən, əməkdaşlarımız məktəbdə olarkən bir sıra nöqsanlar aşkarladıqları üçün Rahim Salamov işdən çıxması ilə bağlı ərizə yazıb. Sadəcə olaraq ərizədə vaxt, tarix ilə bağlı müəyyən problem yarandığı üçün biz bunu rəsmiləşdirə bilməmişdik. Çünki direktorlarla bağlı əmri nazir imzalayır, bu əmri biz imzalamırıq. Rahim Salamov çox yaxşı bilirdi ki, ərizədə tarixlə bağlı problem var və biz bu ərizədən istifadə edə bilmirik. Buna görə də yaranan vəziyyətdən istifadə edib, özbaşınalıq edərək məktəbə gedib, "mən direktoram" deyib. Halbuki biz onu vəzifəsindən uzaqlaşdırmışıq".
İdarə müdirinin sözlərinə görə, R.Salamov bir dəfə ərizə yazsa da, ikinci dəfə ərizə yazmaqdan imtina edib:
"Rahim Salamova yenidən ərizə yazdırmaq üçün əlaqə saxlamağa çalışsaq da, onunla görüşə bilmirdik", - deyə Günay Mahmudova bildirib.
G.Mahmudovanın sözlərinə görə, artıq dünən Rahim Salamov ikinci ərizəni yazıb:
"Rahim Salamov direktor deyil. Artıq bu gün direktorla bağlı əmr verilməlidir".
Sabiq direktorun özbaşınalıqlarından danışan G.Mahmudovanın sözlərinə görə R.Salamov işdə olmayan şəxslərin adına pul yazıb:
"İşçilərdən biri 6 ya idi ki, Moskvada idi. Rahim Salamov onun adına pul yazırdı. Ehtimal ki, elə bu pulu də özü mənisməyirdi. Sonradan bu vəsaiti dövlətə geri qaytardı. Bundan başqa, şöbəmiz vətəndaşlara da dəyən zərəri ona ödətdirib".
G.Mahmudova deyir ki, Rahim Salamov buna müəllim kimi fəaliyyətini davam etdirə bilər:
Məmur
© Sputnik / Murad Orujov
"Biz sadəcə olaraq onu vəzifəsindən uzaqlaşdırmışıq. Dövlətə dəyən zərəri ödədiyi üçün o müəllim kimi fəaliyyətini davam etdirə bilər. Lakin bu həmin məktəb olmayacaq".
Şöbə müdiri onu da bildirir ki, nəinki bu məktəbdə, başqa məktəblərdə də nöqsanlar aşkarlayıb, lazım olan addımlar atıblar:
"Digər məktəblərdə də bu kimi hallar olub. Lakin direktor vəzifəsini icra edən şəxslər normal şəkildə ərizlərini yazaraq, zərəri ödəyərək vəzifələrindən uzaqlaşıblar. Bu isə qarşılaşdığımız ilk belə hal idi. Bu tip direktorlar var ki, çox təzyiq göstərirlər. Rahim Salamov da bizə çox təzyiqlər göstərdi, vəzifəsindən uzaqlaşmaq istəmirdi".
"Bizə daxil olan vətəndaş müraciətlərinin 90 faizi əsaslıdır. Biz işini düzgün quran, düz işləyən birinin ərizəsini niyə almalıyıq ki?! Amma deyim ki, bu mübarizədə, görülən işlərdə hər kəs yanımızda deyil", - deyə o əlavə edib.
Həmsöhbətimiz Təhsil Nazirliyi tərəfindən bu kimi problemlərə operativ reaksiya verildiyini vurğulayıb.
Qeyd edək ki, Rahim Salamov 2019-cu ildən Cəfərabad kənd tam orta məktəbinin direktor vəzifəsinə təyin edilib, 3 ildən sonra işindən uzaqlaşdırılıb. Hazırda həmin məktəbin direktoru vəzifəsini hazırda direktor müavini Səbuhi Sadıqov icra edir.
Qeyd edək ki, bu məsələ ilə bağlı sabiq direktorla da əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz olub.