Edillidə törədilən misilsiz cinayətlərin qorxunc izləri: Jurnalistləri şoka salan məzarlıq
Edillidəki dəhşətli mənzərəni görən xarici jurnaslitlər: “Doğrudanmı, bunu 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində Yer planetində yaşayan insanlar törədiblər?!
SputnikBAKI, 5 oktyabr — Sputnik. Ötən gün xarici və yerli media nümayəndləri ilə birlikdə Xocavəndin Edilli kəndinə yola düşdük. Ermənilərin son 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərinə necə divan tutduqları uzandıqca-uzanan xarabalıqlardan görünürdü. Edillidə isə qonşularımızın tarix boyu xalqımıza qarşı törətdiyi misli görünməmiş cinayətlərdən daha birinin izi qarşımıza çıxdı: Toplu məzarlıqlar.
Xarici ölkələrin media nümayəndələri də onların təkcə vətəndaşlarımıza deyil, təbiətimizə, ekologiyamıza da necə divan tutduqlarının şahidi oldular.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə Edillidə yenicə aşkarlanan toplu məzarlıqdan bəhs edir. Bildirir ki, bu ilin fevral ayında birinci kütləvi məzarlıq aşkar olunub. Bir ay bundan öncə ikinci kütləvi məzarlıq aşkar olundu. Bu isə üçüncü kütləvi məzarlıqdır. Bu məzarlıqda hərbçi olduqları güman edilən 12 nəfərin qalıqları aşkarlanıb. Ümumilikdə, hələlik Edillidə 25 nəfərin qəbri aşkar olunub.
Direktorun qeydinə görə, fevral ayında aşkar olunan məzarlıqda mülki vətəndaşların da qalıqları olub. Digərləri isə hərbi qulluqçulardır:
“Hələ ki onların qohumları ilə eyniləşmə aparılmayıb. Şəxsi əşyalarına və geyimlərinə əsasən deyə bilərik ki, bunlar hərbi qulluqçulardır. Bir-ikisinin qalıqlarında güllə yeri görünür. O biriləri hələ müayinə olunmayıb. İlkin olaraq, dişlərinə nəzərən deyə bilərik ki, hər biri cavan adamlardır. Digər məlumatları isə müayinə başa çatdıqdan sonra deyə bilərik”.
Həsənov əlavə edib ki, müayinə başa çatdıqdan sonra skeletlərin hər biri qablaşdırılacaq. Baş Prokrorluğun qərarı ilə onların üzərində kriminalistik, osteoloji və anatomik məhkəmə ekspertizaları aparılacaq. Hər birinə ekspert rəyi təyin olunacaq. Daha sonra onların genetik profili aşkar ediləcək:
“İtkin düşmüş 4 min nəfərin hər birinin yaxınlarından genetik profil hazırlanıb. Qalıqlar həmin insanların genetik profili ilə müqayisə olunacaq. Hansısa uyğun olsa, onların yaxınlarına təhvil veriləcək. Buna qədər qalıqların hər biri bizdə xüsusi depoda qorunub saxlanacaq”.
Direktor Edillidə tapılan yeni kütləvi məzarlıqda qalıqları olan şəxslərin 1992, 1993 və ya 1994-cü illərə aid olduğu qənaətindədir:
“Bəlkə də sonradan əsir götürülmüş insanlardır. Bəlkə də ayrı-ayrı vaxtlarda, ayrı-ayrı yerlərdə öldürürülüb, eyni vaxtda bura gətirilib basdırılıblar. Onların ölüm mexanizmi və hansı tarixdə öldürüldüyü məhkəmə- tibbi ekspertizadan sonra məlum olacaq”.
Müzakirəni Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovla davam etdiririk. Ermənilərin törətdiyi vandalizm aktlarından bəhs edən tarixçi, Xocavənddəki yollara döşənmiş daşları göstərərək bildirir ki, bu daşları əsir düşmüş vətəndaşlarımıza işgəncə verə-verə döşədiblər:
“Əsirlikdən qayıdan vətəndaşlarımız danışırdılar ki, Xocavəndin yollarına döşənmiş mişar daşları Füzulidəki evlərdən sökülüb. Əsirlərə məcbur edirdilər ki, onlar həmin evlərin mişar daşlarını söküb, gətirib buranın yollarına döşəsinlər. Ermənilər bu torpaqların onların olacağına ümid edirdilər və azərbaycanlı əsirlərin hesabına öz rahatlıqlarını təmin etmək istəyirdilər”.
Tarixçi vurğulayır ki, müharibə dönəmində mülki əhalinin bir qismini əsir götürürdülər, bir qismini də güllələyirdilər: “Gənclərin və uşaqların daxili orqanlarını götürürdülər. Həmçinin Laçın rayonunu işğal etdikdən sonra oradakı xəstəxanada insan orqanlarının transplantasiyasını həyata keçiriblər. Azərbaycanlı əsirlərin orqanlarını çıxarıb digər dövlətlərə satırdılar”.
Tarix İnstitutunun əməkdaşı əlavə edir ki, Xocavənd rayonunun Qaradağlı kəndində də belə bir kütləvi məzarlıq var:
“Qaradağlıdakı məzarlıq Sovet dövründə silos quyusu kimi istifadə olunub. Həmin yerə 20-dən artıq azərbaycanlını öldürüb atıblar”.
Dünya şöhrətli fotoqraf Reza Deqati də bəşəriyyətin misilsiz cinayətlərindən daha birisini dünya ictimaiyyətinə çatdırmaq üçün orada idi. Fotoqraf deyir ki, ermənilərin ört-basdır etdikləri cinayətləri torpaq özü üzə çıxarır:
“Diqqət edirsinizsə, məzardakıların çoxlarının əlləri yuxarı qalxıb. Bu məzarlıq bir daha göstərir ki, Qarabağın hər bir qarışı cinayətlə doludur. Bəzilərinin məzarları tapılıb, bəziləri hələ tapılmayıb. 4 mindən artıq azərbaycanlı Birinci Qarabağ müharibəsində əsir götürülüb. Bəlkə də onların 12-i buradadır. Bəlkə də diridirlər, amma verilən işgəncələr onlara kim olduqlarını unutdurub. Ermənilər təkcə Azərbaycanın insanlarını yox, ekologiyasını, mədəniyyətini məhv ediblər. Amma həqiqətin bir gün parlayacağına hər birimiz inanırıq. Torpaq onların necə bir cinayətkar olduğunu göstərir. Bu, dünyaya göstərə biləcəyimiz ən böyük dəlildir”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev şahid ifadələrini nəzərə alaraq 2022-ci ilin fevral ayından bu ərazilərdə axtarış işləri aparıldığını qeyd edir. Onun sözlərinə görə, ilkin olaraq fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb, ekspertizaya aparılıb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib:
“Beşi tam, biri qarışıq salafana bükülmüş skeletlərin olduğu, eləcə də 12 ayrı skeletin olduğu kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman olunur. Axtarışlar davam etdiriləcək. Ümumilikdə isə bu ərazidə 25 nəfərin skeleti aşkar olunub”.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirir ki, əsirlik hər bir münaqişənin ən ağrılı və uzun müddət unudulmayan problemlərindəndir. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması dövlətin öhdəliyindədir:
“Beynəlxalq Qızıl Xaç Komitəsi müvafiq dövlət orqanlarına, bu sahədə fəaliyyət göstərən yerli mütəxəssislərə öz bilik və bacarıqları ilə praktik və texniki dəstək verir. Biz itkin düşmüş şəxslər haqqında ətraflı məlumatların toplanmasına yardım edirik”.
Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır:
“Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Bu məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova bildirir ki, Edillidə kütləvi məzarlıqlarla bağlı üç sahə aşkarlanıb. O da digər müsahiblərimiz kimi meyit qalıqlarının Azərbaycan hərbçilərinə aid olduğunu vurğulayıb:
“Meyit qalıqlarının başları sağa-sola, önə doğru əyilmiş vəziyyətdədir. Onların üzərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan başqa, sahələrdən kimlik sənədləri, iki ədəd bıçaq, siqaret kötükləri, güllə, patron və gilizlər aşkar olunub. Aşkar olunan skeletlərin belində kəmərlər var. Bu kəmərin üzərindəki paslanmış dəmir lövhədə çəkic, oraq və ulduz təsvirləri qeyd olunub”.
Hüseynovanın sözlərinə görə, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndəriləcək. Daha dəqiq müayinələr orada davam etdiriləcək...
Əli-qolu bağlı insanların bəlkə də canlı-canlı gömüldüyü bu məzarlıq oradakı hər kəsi, eləcə də xarici jurnalistləri şoka salmışdı. Onlar soruşurdular: “Doğrudanmı bunu 20-ci əsrin sonları, 21-ci əsrin əvvəllərində Yer planetində yaşayan insanlar törədiblər?!”
Edillidə gördüyümüz bu tükürpədən mənzərələr ermənilərin qonşu xalqlara olan nifrətinin, törətdiyi misilsiz vandallıq aktlarından sadəcə birinin çılpaq nümunəsi idi. Hər kəsin beynində cavabı məchul olan suallar dolaşırdı: Bu insanlıq əleyhinə cinayətlərin nə vaxtsa bir bədəli olacaqmı?!