NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Daha az neft, daha çox inflyasiya: OPEC+ niyə neft hasilatını azaltmağa məcburdur?

ABŞ-da uçot dərəcələrinin aşağı düşməsi nəticəsində neftin qiymətinin fevral ayı səviyyəsinə enməsindən sonra "qara qızıl" bazarında yenidən kəskin artım proqnozlaşdırılır.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Bu gün, oktyabrın 5-də OPEC+ ölkələrinin nazirlərinin 2020-ci ildən bəri ilk əyani iclası keçiriləcək və orada noyabrda neft hasilatının həcmi ilə bağlı qərar qəbul ediləcək. Analitiklər kartelin neft hasilatının sutkada 1 milyon barrelə qədər endirilməsi barədə qərar qəbul edəcəyini gözləyirlər. Artıq neft hasilatının mümkün azaldılması ilə bağlı xəbərlər fonunda bazarlar qızışmağa başlayıb - bazar ertəsi neftin qiyməti təxminən 5% artıb.
ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcələrinin azalmasından sonra bir barrel üçün 80 dollar qədər kəskin şəkildə ucuzlaşan neft qiymətlərinin kəskin artması enerji inflyasiyasının yeni dalğasına səbəb ola bilər.
Nəzərə alsaq ki, Avropada istehlakçılar qaz tədarükünün azalması üzündən enerji istehsalında neftdən istifadəyə keçirlər, təkcə başlanğıcda neftin qiymətinin və bir barel üçün 100 dollar qiymət həddinin yaxın günlərdə qırılacağını proqnozlaşdırmaq olar.
OPEC+ niyə hasilatın azaldılmasına meyl edir?
Kartelin neft hasilatını azaltmaq planlarının "qara qızıl"ın qiymətlərini artırmaq istəyi ilə heç bir əlaqəsi yoxdurş Belə ki, alyansda həmişə bazar üçün 60-70 dollar arasında olan qiyməti ideal hesab ediblər. Hasilatın azaldılması qərarı daha çox məcburi addımdır - artıq aylardır ki, iştirakçı ölkələr hasilatın səviyyəsini razılaşdırılmış kvotalara çatdıra bilmirlər.
Belə ki, hesabata görə, avqust ayında OPEC+ hasilatı öz hədəf göstəricisindən 3,6 milyon barel aşağı olub. Müqayisə üçün bildirək ki, kartelin bundan bir ay əvvəlki ay üçün hasilatı hədəfdən 2,9 milyon barel az olub.
Beləliklə, neft kartelinin üzvlərinin razılaşdırılmış səviyyədə neft hasilatını artıra və ya hətta davam etdirə bilmədiklərini anlayan OPEC+ dünya bazarına nəzarəti qorumaq üçün kvotaları qəsdən azaldacaq.
Bundan əlavə, analitiklər hesab edirlər ki, OPEC+-də neft hasilatının azaldılması məsələsi Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülüb. Rusiya Federasiyasının ixrac imkanlarını Asiya bazarlarına yönəltməsinə baxmayaraq, Aİ-nin sanksiyaları yenə də ölkədə neft hasilatının azalmasına səbəb olacaq.
Səudiyyə Ərəbistanına gəlincə, krallıq artan tələbat üzündən hasilatın zirvəsində olduğunu bildirib. Eyni zamanda, KİV-in məlumatına görə, Ər-Riyad hasilat güclərinin bir hissəsini ehtiyatda saxlamaq üçün yaxın aylarda neft hasilatının səviyyəsini azaltmağı planlaşdırır.
Beləliklə, krallıq Avrozonanın Rusiya neftini idxal etməkdən imtina edəcəyi növbəti ildən etibarən Aİ bazarına tədarük həcmini kəskin şəkildə artırmaq niyyətindədir.
Lakin OPEC+ ölkələri arasında hasilatın azaldılmasına qarşı çıxanlar da var. Xüsusilə, bunlar İraq və Nigeriyadır ki, bu ölkələr avqustun nəticələrinə görə, nəinki kvota çərçivəsində hasilat ediblər, hətta onları artıqlaması ilə yerinə yetiriblər.
Çox güman ki, onlar hasilatın sürətini azaltmaq istəməyəcəklər. İran Neft Nazirliyi bu ilin yazından etibarən neft hasilatının artırılmasına yönəlib və artıq hasilatı xeyli artırıb. OPEC+ çərçivəsində kəskin ixtisar, təbii ki, ölkənin neft sənayesi üçün müsbət olmayacaq, çünki kvotalara uyğun gəlmək üçün hasilatın yeni səviyyəsinə çatan yataqlarda hasilatı azaltmaq lazım gələcək.
Almaniya Səudiyyə Ərəbistanına "rüşvət" verməyə çalışır
Ər-Riyad gələn il kəskin artım üçün hasilatını azaltmaq niyyətində olsa da, Rusiyadan enerji tədarükündən asılı olan bəzi Aİ ölkələri neft idxalını artırmaq üçün Yaxın Şərqdəki istehsalçılarla razılığa gəlməyə çalışırlar. Belə ki, mediada yayılan məlumatlara görə, krallığın Yəmənlə silahlı münaqişəsi üzündən qadağaya baxmayaraq, Berlin Səudiyyə Ərəbistanı ilə silah ixracı ilə bağlı bir sıra yeni sazişləri təsdiqləyib.
Almaniya ilə saziş Ərəbistana təxminən 35 milyon dollar dəyərində hərbi təyyarələr üçün avadanlıq və silah-sursat almağa imkan verəcək.
Xatırladaq ki, 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Almaniyanın Krallığa silah ixracına qadağası sərtləşdirilib.
Almaniya kansleri Olaf Şoltsun Fars körfəzinin ərəb ölkələrinə səfərinin yekunu olaraq Berlin və Ər-Riyad arasında razılıq əldə etmək mümkün olub. KİV-lər silah ixracına cavab olaraq Ər-Riyadın Almaniyaya neft tədarükünü artıracağına söz verdiyini yazıb.
BƏƏ ilə də oxşar razılaşma əldə olunub - Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı Almaniyaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü haqqında saziş imzalanıb.
Əbu-Dabinin "ADNOC" neft-qaz şirkəti sınaq əməliyyatı çərçivəsində 2022-ci ilin sonunda LNG-nin ilk partiyasını tədarük edəcək: qaz Almaniyanın şimalındakı Brunsbütteldəki LNG terminalına gedəcək.
Husilərin təhdidi qiymətlərin artmasında əsas amildir
Belə görünür ki, hətta OPEC+ hasilat kvotasını artırmaq qərarına gəlsə belə, yaxın aylarda neftin qiyməti bir barel üçün 100 dollar səviyyəsində olacaq, buna səbəb Səudiyyə Ərəbistan ilə Husilər (Yəmən üsyançıları) arasında qeyri-sabit vəziyyətdir.
Məlum olduğu kimi, Ər-Riyad və Husilər arasında oktyabrın 2-də müddəti başa çatan atəşkəs razılaşması yenilənməyib. Bu isə o deməkdir ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft-qaz infrastrukturu yenidən yəmənli silahlıların hücumuna məruz qala bilər. Bundan əlavə, Husilər artıq xarici neft və qaz şirkətlərini Səudiyyə krallığı və əmirliklərinin ərazisini tərk etməyə çağırıb, krallığın və əmirliklərin neft infrastrukturuna yeni hücumlarla hədələyiblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının neft infrastrukturunun yəmənli silahlılar tərəfindən atəşə tutulması nəticəsində "qara qızıl"ın qiyməti bir barrel üçün 115 dollara qalxmışdı. Əgər Husilər krallığın və əmirliklərin neft obyektlərinə yenidən zərbələr endirsələr, bazarın kəskin yüksəlişə keçəcəyini gözləməliyik.