BAKI, 5 oktyabr - Sputnik. 2021-ci ildə Azərbaycan 1,1 milyon ton buğda idxal edib ki, bunun da 95,3 faizi Rusiyadan idxal edilib. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən "Qlobal Taxıl Görünüşü" XII Beynəlxalq Taxıl Ticarəti Konfransında deyib.
“Bu il müttəfiqlik münasibətləri xarakteri alan Rusiya Federasiyası ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər sistemində ticarət əlaqələri çox mühüm rol oynayır. Ticarət dövriyyəmiz mütərəqqi olaraq artır - ötən il bu, 3,3 milyard dollar təşkil edib. Bu ilin birinci yarısının göstəriciləri əhəmiyyətli artımdan, 1,9 milyard dollardan xəbər verir”, deyə səfir bildirib.
Boçarnikovun sözlərinə görə, ötən il Rusiyanın Azərbaycana ixracının strukturunda 32,8% ərzaq məhsulları və kənd təsərrüfatı xammalının payına düşüb.
“Həmin il Azərbaycan gübrə idxalının 67,3%-ni Rusiyadan tədarüklə təmin edib. Qeyd etmək istəyirəm ki, biz Azərbaycan rəhbərliyinin ərzaq təhlükəsizliyini, ilk növbədə, öz imkanları hesabına təmin etmək səylərini hörmətlə müşahidə edirik”.
Səfir onu da əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin sonunda payızlıq taxılların əkin sahəsi 1 milyon hektardan çox olub.
Xatırladaq ki, oktyabrın 5-də Rusiya Taxıl İttifaqının təşkilatçılığı ilə Bakıda "Qlobal Taxıl Görünüşü" mövzusunda XII Beynəlxalq Taxıl Ticarəti Konfransı işinə başlayıb.
Təşkilatçılar Azərbaycanı Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun İslam dünyası ilə Qara dəniz regionu ölkələri arasında "taxıl qapısı" kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.
Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.
İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın "ədalətli" qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.
Xatırladaq ki, 2019-cu ildə Rusiya Taxıl İttifaqı yaranmasının 25 illiyini qeyd edib. Mövcud olduğu müddətdə İttifaq taxıl bazarı iştirakçılarının peşəkar və nüfuzlu birliyinə çevrilib. Dövlət aqrar-ərzaq siyasətinin formalaşmasına, həyata keçirilməsinə və Rusiya iqtisadiyyatının inkişafına töhfə verir.
Onu da əlavə edək ki, cari ilin iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.
Müqavilənin imzalanma mərasimi martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabağça sarayında baş tutub.
Oktyabrın 3-də Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə taxıl sazişinin həyata keçirilməsini müzakirə edib.
“Kənd təsərrüfatı məhsullarının və gübrələrin yerli ixracının təşviqinə dair Rusiya-BMT Memorandumunun vurğulanması ilə yanaşı, iyulun 22-də İstanbulda bağlanmış sazişlərin icrası ilə bağlı fikir mübadiləsi davam etdirilib. Rusiya tərəfi Rusiya ixracında konkret irəliləyişin əldə edilməsinin vacibliyini qeyd edib”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.