TƏHSİL

Zorakılığın baş verdiyi məktəbin idarəetməsində boşluqlar var - Günel Səfərova

Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının sədri bildirib ki, bunun məktəbdə baş verən ilk zorakılıq hadisəsi olmadığı güman edilir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Paytaxtın 112 nömrəli məktəbində şagirdin döyülməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının sədri Günel Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı məktəbə gedərək valideynlərlə görüşüblər.
G.Səfərovanın sözlərinə görə, sözügedən hadisə ötən həftənin 5-ci gün baş verib. Hadisənin baş verdiyi sinifdə 22 şagird var. Məktəbə direktor təyin edilmədiyindən bu vəzifəni əvəzedici icra edir. Bu halın həmin məktəbdə baş verən ilk zorakılıq hadisəsi olmadığı güman edilir. Həmçinin zorakılığın törədilməsi, eləcə də videoya çəkilməsi əvvəlcədən planlaşdırılıb.
"Məktəbdə baş verən hadisə göstərir ki, ora mütləq rəhbər təyin olunmalıdır. Biz zorakılığı törədən və onu videoya çəkən şagirdin valideynləri ilə görüşdük. Həmçinin zorakılığa məruz qalan uşaqla söhbət etdik. Müşahidələrimiz göstərdi ki, həm zorakılığı törədən, həm onu videoya çəkən, həmçinin də şiddətə məruz qalan şagirdlərlə psixoloji iş aparılmalıdır. Eyni zamanda hər məktəbin anti-bullinq proqramı olmaldır", - G.Səfərova deyib.
Onun fikrincə, şagirdlərin əməlindən ailə və məktəbdəki müəllimlər məsuliyyət daşıyır:
"Valideynlərlə ciddi iş aparılmalıdır. Xüsusilə zorakılığı törədənlərin valideynləri ilə söhbət aparılmalıdır. Həmçinin bu videonu çəkib həmin şagirdi zorakılığa yönləndirənlə də iş aparılacaq. Çox təəssüf ki, valideynlər uşaqlarının səhvinə bəzən haqq qazandırmağa çalışırlar. Amma zorakılığa heç bir yolla haqq qazandırmaq olmaz! Mübahisənin nədən yaranmasından asılı olmayaraq, zorakılıq olmamalıdır".
Həmsöhbətimiz bildirib ki, deyilənə görə uşaq sinif yoldaşını söyüb. Amma onların məktəbdə şagirdlərlə apardığı söhbətdən məlum olub ki, şiddət göstərən şagird zorakılığa meyillidir. Bu həmin şagirdin bir neçə dəfə zorakılıq törətdiyinə əsas verir: "Biz sinifdə qızlarla söhbət apararkən, onlar bildirdilər ki, sinif yoldaşlarına zorakılığı törədən uşağın onlara da şiddət göstərəcəyindən ehtiyat etdikləri üçün kömək etməyiblər".
G.Səfərova onu da bildirib ki, şagirdlərin eyni sinifdə təhsil alıb-almaması hüquqi və psixoloji araşdırma başa çatdıqdan sonra məlum olacaq. Çünki, bu, travma yaradacaq hadisədir: "Hazırda zorakılıq törədən şagirdin məktəbdən uzaqlaşdırılması çıxış yolu deyil. Bu məsələ barədə hüquq-mühafizə orqanları və psixoloq araşdırma apardıqdan, rəy verdikdən sonra qəti fikir söyləmək olar".
Şura sədrinin qeydinə görə, sözgedən məktəbin idarəedilməsində boşluqlar var: "Məktəb rəhbərliyi hadisədən görüntülər yayıldıqdan sonra xəbər tutub. Amma videogörüntülərdən görünür ki, zəng vurulduqdan sonra sinfə müəllim daxil olmur. Bu fənn müəlliminin dərsə gecikdiyini göstərir".
G. Səfərova şagirdlərin dərsə smartfonla gəlməsinin baş verən zorakılıq hadisəsinin yayılmasında rol oynadığını söyləyib: "Smartfonların yığışdırılmasının məktəblərdə baş verən zorakılıq hadisələrinə bir təsiri yoxdur. Ona görə də, bizi əsas narahat edən məqam məktəbdə, şagirdlər arasında şiddət hallarının baş verməsidir".
G. Səfərova şiddətə məruz qalan şagirdin valideynləri ilə görüşə bilməyib. Amma həmin şagirdin tərbiyəli, incəsənətə, musiqiyə meyilli olduğunu öyrənib.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 112 nömrəli məktəbdə baş verən insidentlə bağlı açıqlama verib. Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində qeydə alınıb. Hadisə həmin gün tənəffüs zamanı baş verib.
Məktəb həmin şagirdlər arasında əvvəllər heç bir mübahisənin baş vermədiyini bildirib:
"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb".
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb.
Xatırladaq ki, bu ilin may ayının 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Bundan iki gün sonra isə buna bənzər hadisə 214 saylı məktəb şagirdinin başına gəlib. Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb.