RUSİYA

Rusiya Qara dənizdə nüvə silahını sınaqdan keçirmək istəyir? Kremlin şərhi

Dmitri Peskov deyib ki, Qərb mediası və siyasətçiləri, dövlət başçıları indi nüvə ritorikası üzrə çoxlu təlimlər keçirirlər. Moskva isə bu işdə iştirakçı olmaq istəmir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin Qara dənizdə nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə Rusiya mediası xəbər verir.
"Qərb mediası, Qərb siyasətçiləri, dövlət başçıları indi nüvə ritorikası üzrə çoxlu təlimlər keçirirlər. Biz bu işdə iştirakçı olmaq istəmirik", - deyə Kremlin nümayəndəsi gündəlik brifinq zamanı bildirib.
Bu yaxınlarda "The Times" qəzeti yazıb ki, NATO bloka üzv olan ölkələrə Rusiyanın Qara dənizdə nüvə sınaqları keçirə biləcəyi barədə xəbərdarlıq edib. Nəşrin məlumatına görə, bununla da Moskva guya kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirəcək.
Sentyabrın 21-də qismən səfərbərliyin başlandığını vurğulayan Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, "Rusiya Federasiyasına qarşı nüvə şantajı edənlər" üçün bunun qarşılığı ola bilər. Putinin bəyanatı Qərbdə təhdid kimi qəbul edilib və bu, bir sıra kəskin siyasi bəyanatlara səbəb olub.
Putinin bu açıqlamasından sonra Qərbin "nüvə" ritorikası aktivləşib.
Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ-ın Rusiya qoşunlarını və Qara dəniz donanmasını məhv edəcəyini açıqlayıb.