PAYTAXT XƏBƏRLƏRİ

Bakı məktəbi şagirdin döyülməsi ilə bağlı məsələyə aydınlıq gətirdi - Video

Məktəb rəhbərliyi faktı təsdiqləyərək hadisənin 9-cu sinifdə dostlar arasında baş verdiyini bildirilib.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 112 nömrəli məktəbdə baş verən insidentlə bağlı açıqlama verib.
Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində qeydə alınıb. Hadisə həmin gün tənəffüs zamanı baş verib.
Məktəb həmin şagirdlər arasında əvvəllər heç bir mübahisənin baş vermədiyini bildirib:
"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb".
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb.
***
Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagird döyülüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, şagirdlərdən biri digərini yumruq və təpik zərbələri ilə döyüb. Ətrafdakı şagirdlərdən biri isə bunu mobil telefonun kamerası ilə lentə alıb. Görüntülərin 112 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar:
"Hazırda araşdırma aparılır".
112 nömrəli tam orta məktəbdən faktı Sputnik Azərbaycan-a təsdiqləyiblər. Məktəbdən bildiriblər ki, hadisə 9-cu sinif şagirdləri arasında hadisə olub: "Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Dalaşan uşaqlar yaxın dost olublar".
Qeyd edək ki, sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.
Xatırladaq ki, bu ilin may ayının 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib. Bundan iki gün sonra isə buna bənzər hadisə 214 saylı məktəb şagirdinin başına gəlib. Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb.