BAKI, 3 oktyabr — Sputnik. Ölkədə 18 yaşı tamam olan şəxslər üçün yaşayış minimumu 220 manat təşkil edir. Ali təhsil müəssisələrində oxuyan tələbələrin təqaüdü isə bundan xeyli azdır. Təqaüdləri az olduğundan onlar ofisant, 24 saat açıq olan mağazalarda satıcı kimi işlərdə çalışırlar. Bu da, təbii ki, onların sağlamlığına ziyan olmaqla yanaşı həm də təhsillərinə də mənfi təsir edir. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində təhsil eksperti Elşən Qafarov danışıb.
Ekspert qeyd edir ki, problemin həlli üçün ayrıca bir dövlət proqramı qəbul olunmalıdır. O, məcburiyyət qarşısında qalaraq pul qazanmaq üçün gecədən səhərədək taksi sürən tələbələrin də olduğunu deyir:
"Onlar ya restoranlarda çalışırlar, ya da taksi sürərək pul qazanırlar. İş dalınca qaçan tələbə normal təhsil də ala bilmir, dərsdən sonra çalışdığına görə isə, sağlamlığı da təhlükə altında olur".
Tələbənin sosial rifahını qorumaq üçün demək olar ki, heç bir şey edə bilmirik
Ekspert onu da deyir ki, ali məktəblər özləri tələbələri ixtisası üzrə işlə təmin etməkdə maraqlı olmalıdır.
Təhsil eksperti vurğulayır ki, ümumiyyətlə, ölkədə ödənişi əsaslarla təhsil alan tələbələrin sayı çoxluq təşkil edir, ailələr təhsil haqqı ilə yanaşı tələbənin aylıq xərclərini də ödəməli olurlar:
"Tələbənin sosial rifahını qorumaq üçün demək olar ki, heç bir şey edə bilmirik. Bu səbəbdən də minlərlə tələbəmiz təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Düzdür, Tələbə Təhsil Krediti Fondu yaradılıb, lakin bu qurum yeni olduğundan ehtiyacları tam ödəyə bilmir".
Tələbələr üçün yataqxanaların tikilməsinin vacibliyinə toxunan ekspert ödənişli təhsilin ləğvinin tərəfdarı olduğunu, təhsilin dövlət sifarişi əsasında təxirəsalmaz işlərin görülməsinə ehtiyac olduğunu vurğulayır.
E.Qafarov hazırda ölkədə əsas problemlərdən biri kimi əmək bazarının lazımınca öyrənilmədiyini qeyd edir.
Tələbələr də çalışmalıdır ki, iş seçərkən daha diqqətli olsunlar
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvi Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ylnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində tələbələr təhsil alaraq həm də işləyirlər:
"Həm universitetlərin, həm də ailələrin üzərinə böyük məsuliyyət düşür. Universitetin bütün tələbələri işlə təmin etmək imkanı yoxdur. Amma hesab edirəm ki, ali təhsil müəssisələri tələbələr, onların təminatı ilə maraqlanmalı, yönləndirməlidirlər. Tələbələr də çalışmalıdır ki, iş seçərkən daha diqqətli olsunlar".
O qeyd edir ki, tələbələrin hansısa işdə çalışmasına qadağanın qoyulması üçün müəyyən hüquqi baza olmalıdır.
Ceyhun Məmmədov
© Photo : © Aİİ Mətbuat xidməti
Gəncləri daha yaxşı oxumağa səsləyən millət vəkili deyir ki, bununla da tələbələr dövlətin yaratdığı imkanlardan yararalanmağa çalışmalıdırlar:
"Ən yüksək səviyyədə təminat olmasa da, dövlət müəyyən imkanları yaradır. Hesab edirəm ki, tələbələrin maddi təminat vəziyyətinin yaxşılaşdırılması istiqamətində çalışmalıyıq. Universitetlər də bu işdə maraqlı olmalıdır, onlar tələbənin bütün gücünü təhsilə yönəltməsi üçün nə edə biləcəklərini düşünməlidirlər".
C.Məmmədov deyir ki, sosial yataqxanaların yaradılması məsələsi aktualdır. O bildirir ki, elə tələbələri işləməyə sövq edən əsas səbəblərdən biri universitetlərin yataqxanalarının olmamasıdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tedxniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universitetinin yataqxanaları olsa da, burada bütün tələbələri otaqla təmin etmək mümkünsüzdür.
Yalnız ötən il istismara verilən Bakı Dövlət Universitetinin 6 nömrəli yataqxanası olan "Tələbə Evi" tələbələr üçün əlçatan və şəraitlidir. "Tələbə Evi" 104 otaqdan, kitabxanadan, idman zalından ibarət olmaqla yanaşı müasir mebllərlə təmin olunub.
BDU-nun yeni yataqxanası
© Sputnik / Nigar Iskanderova
Qeyd edək ki, univeristetlərə yaxın ərazilərdə - Nərimanov, Yasamal, Səbail rayonunda evlərin kirayə qiyməti 450-600 manat arasında dəyişilir. Bu isə o deməkdir ki, bir evdə təxminən 3 tələbə qlaırsa, onlaırn hər birinə adambaşı 150 manat aylıq kirayə haqqı düşür. Bunun üzərinə kommunal xərcləri, tibbi xərcləri, digər tələbatları da əlavə etsək, məbləğin kifayət qədər yüksək olduğunu görə bilərik.
İşləyərək oxumaq tələbələr üçün də çətindir
Tələbə Cəfər Mikayılzadə də oxuyaraq işləyən tələbələrdəndir. O bəzən buna görə çox yorulduğunu, bezdiyini də etiraf edir:
"Çətin günlərim çox olur. Bəzən olur ki, işlə dərsi çatdırmıram və bu məni çox yorur. Həm də ailəliyəm deyə, qayğım daha çoxdur. Amma götür-qoy edəndə düşünürəm ki, yaxşı ki, işləyirəm. Çünki günümüzün reallığından məsələyə yanaşanda başqa çıxış yolunun olmadığını görürəm".
Tələbə Kamran Məmmədli də məcburiyyət qarşısında qalaraq həm də işləyir:
"Diplom üçün oxumuram. Buna görə, işləməklə yanaşı bacardığım qədər dərslərimə də çox diqqət ayırıram. Belə olan halda təbii ki, daha az yatmalı oluram, buna məcburam. Bir ixtisasa yiyəlnmək üçün hər anı dəyərləndirmək lazımdır. Çətin olsa da, mümkünsüz bir şey yoxdur".
Aynurə Xudaverdiyeva birinci kursdan işləyir:
"Bəlkə də məni erkən yaşda ali təhsil alaraq işləməyə sövq edən qürurum idi. Çünki ailəmdən xərclərimi ödəmələri üçün pul istəməyə utanırdım. O vaxtdan bu günə kimi də işləyirəm. Peşman da deyiləm".
Hüquqşünas ixtisası üzrə təhsil alan Məryəm Atakişiyeva deyir ki, tələbə ikən zamanı boş və mənasız keçirtməkdənsə ixtisasa uyğun iş tapıb pul qazanmaq daha yaxşıdır:
"Mümkün olarsa, tələbələr ixtisaslarına uyğun iş tapmalıdırlar ki, həm bundan zövq alsınlar, həm də artıq gələcəkləri, karyeraları üçün nəsə etmiş olsunlar. Belə olan halda siz həyata 1:0 başlamış olacasız".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin ilin əvvəlində verdiyi sərəncamda doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20% artırılmasını nəzərdə tutur.
Magistr təhsili alan tələbə Eltac Abbasov axşam dərslərinə gedir:
"Neft sahəsində çalışıram, bunun üçün səhər 06:00-dan evdən çıxıram, işim 17:00-da bitir. Həftədə 3 dəfə 19:00-dan 22:00-dək isə axşam dərslərində oluram. Yəni, demək olar ki, bütün günü küçələrdə oluram, amma zamanımı gələcəyim üçün daha dəyərli keçirirəm, həm təhsil alıram, həm də işləyirəm".
Bəhruz Əsgərli 17 yaşınadək təkər qaraldaraq pul qazanıb, ki, ali məktəbə daxil olsun. Gərgin hazırlıqdan sonra o ali məktəbə, arzuladığı ixtisas üzrə daxil olub:
"Təəssüf ki, ixtisasım üzrə çalışmaq mənə qismət olmadı".
Tələbə təqaüdləri artırılacaq
Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək.
Orta ixtisas təhsili müəssisələrində təqaüdün məbləği akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 90 manata, 71-100 bal olan tələbələr üçün 72 manata, 51-100 bal olan tələbələr üçün 60 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri "5" olan tələbələr üçün 90 manata, "4" və "5" olan tələbələr üçün 72 manata, "3"-"5" olan tələbələr üçün 60 manata çatdırılacaq.
Ödənişli və dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının müqayisəsi
Qeyd edək ki, 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.