MƏDƏNİYYƏT

“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimi keçirilib

Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Bu gün Milli Azərbaycan Tarixi Muzeyində "Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının dövlət və ictimai qurumlarının nümayəndələri, alimlər, tədqiqatçılar, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti barədə ətraflı çıxış edib.
Muzey tərəfindən Azərbaycanın hərb tarixinə həsr olunmuş tədbirlərin mütəmadi olaraq, keçirildiyini xüsusi vurğulayıb. Akademik qeyd edib ki, onlardan biri hazırda muzeydə nümayiş olunan silah sərgisidir.
"Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44-günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Azərbaycanın hərb tarixi, xalqımızın hərb işi və silahlarına, həm respublikada, həm də xaricdə ictimai marağın artmasını vurğulayıb.
Nazir bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir.
Bu baxımdan praktiki addımlarla bərabər, elmi əsaslarla yazılmış kitablara böyük ehtiyac var:

"Azərbaycan ustaları ta qədimdən çoxsaylı qoşunları silahlarla tam təmin etmiş, həmçinin, dekorativ-tətbiqi sənətin şedevrləri sayılan silahlar da düzəltmişdirlər. Hazırda bu silahların bir çox nümunələri dünya muzeylərində qorunur və bu kataloq sübut edir ki, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin vacib sahəsi silahsazlıq, metalişləmə sənətləri olmuşdur və Azərbaycanın ənənəvi silahları Azərbaycan milli mədəniyyətinin ayrılmaz tərkib hissəsidir".

"Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi
Kataloqun müəllifi muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov kataloq haqqında məlumat verərək, onun strukturu, kataloqda qeyd edilən məsələlər, təhlil olunan silahlar haqqında çıxış edib. Müəllif 300-dən artıq fotoşəkillərlə zənginləşdirilmiş, nəfis tərtibatda çap edilən kataloqda XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətləri haqqında məlumat verib.
Həmçinin, kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların çoxsaylı fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib:

"Kataloq təsdiq edir ki, muzeyin Silahlar və Bayraqlar fondunda qorunan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Bu silahlar, həmçinin, yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir".

S.Əhmədov, həmçinin, Azərbaycanın ənənəvi silahlarının Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi araşdırılmasının vacibliyinə toxunub, bu baxımdan həyata keçiriləcək praktiki addımların vacibliyini qeyd edib.