BAKI, 3 oktyabr - Sputnik. Rusiya Azərbaycan və Ermənistanı sosial şəbəkələrdə yayılan və hərbi cinayət əlamətləri olan faktları əks etdirən videomaterialları hərtərəfli təhlil etməyə, onların təsdiqləndiyi təqdirdə günahkarları məsuliyyətə cəlb etməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu videolar həddindən artıq qəddarlıq görüntüləri ilə doludur. Beynəlxalq humanitar hüququn pozulması ilə bağlı bütün hallar hərtərəfli araşdırılmalıdır. Biz Azərbaycan və Ermənistan hakimiyyətini dərhal bu videoların, o cümlədən hərbi cinayətlərin əlamətlərinə görə hərtərəfli və dərin təhlil aparmağa çağırırıq. Əgər faktlar təsdiqini taparsa, bütün təqsirkarlar qanun çərçivəsində cavab verməlidirlər”, deyə Zaxarova bildirib.
Eyni zamanda o, Moskvanın “regiondakı vəziyyəti yaxşılaşdırmaq və Bakı ilə Yerevan arasında münasibətləri normallaşdırmaq üçün ciddi səylər göstərməkdə davam etdiyini” vurğulayıb.
"Biz razıyıq ki, sülhə alternativ yoxdur. Tərəflərə lazımi yardımı göstərməyə hazırıq", - deyə Mariya Zaxarova əlavə edib.
Xatırladaq ki, iki gün əvvəl bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulmasının iddia olunduğu görüntülər paylaşılıb.
Azərbaycanın Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də həqiqətin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır. Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında isə deyilir ki, Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.
Vurğulanıb ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır.
Xatırladılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib:
XİN Xarici İşlər Nazirliyi
© Sputnik / Murad Orujov
"2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib".
Daha sonra məlumatda bildirilib ki, Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir:
"2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur. Ermənistan hökuməti bu günədək törədilən hərbi cinayətlərn qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməyib. Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik".