BAKI, 3 oktyabr — Sputnik. "Təəssüflər olsun ki, Azərbaycan qış turizminə görə məşhurlaşan ölkələrdən biri deyil. Qış turizmini genişləndirmək üçün milli parkların ərazilərində də müxtəlif fəaliyyətlər yaratmaq lazımdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında DAİR Hotellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi qış turizminin inkişafı haqda danışarkən deyib.
Onun sözlərinə görə, qış turizmi yalnız xizək sürməkdən ibarət olmamalıdır:
"Açıq səma altında reallaşan müxtəlif fəaliyyət növləri də qış turizminin qolları olmalıdır. Buna misal olaraq ekoturizm, kənd turizmi, dərketmə turizmi, ekstremal turizmi də göstərə bilərik. Meşələrdə cığırlar yaratmaq olar ki, xizəkçi məhz həmin cığırla hərəkət etsin. Qış turizmində meşələrdə qışa aid giləmeyvə yığımını da həyata keçirtmək mümkündür".
Mütəxəssis bildirib ki, qış turizmində xüsusən soyuq aylarda bşirilən xörəklərin hazırlanmasını göstərmək üçün müxtəlif ustad dərsləri də keçirilə bilər:
"Lakin təəssüflər olsun ki, bu fəaliyyətləri təklif edən turizm mərkəzləri hələ ki, yoxdur".
Mövcud infrastrukturdan söz açan S.Dübəndi bildirib ki, Şahdağda xizək sürmək, eyni zamanda da digər qış turizmi, həvəskar qış idman növləri ilə məşğul olmaq imkanları yaradılıb:
"Tufandağda da belə şərait yaradılıb. Hələlik ki, Azərbaycanda qış turizminə görə əsas mərkəzlər məhz bu əraizlərdir. Lakin əfsuslar olsun ki, həmin ərazilərdə aktiv bizneslərin inkişafını görə bilmirik. Bunun da əsas səbəblərindən biri həmin ərazilərdə qiymətlərin yüksək olması ilə əlaqədardır. Belə olduqda həm yerli, həm də əcnəbi turistlərin xidmətlərə əlçatanlığı azalırpozulur. Əlçatanlıq təmin olunmalıdır ki, müxtəlif təbəqələrdən olan şəxslər də həmin məkanlara üz tuta bilsinlər".
Mütəxəssisin qənaətinə görə, dağ-xizək komplekslərinin sayını artırmaq olar:
"Bunun üçün münbit şəraiti olan ərazilərimiz var. İşğaldan azad olunan yerlərdə də bu fəaliyyətləri qurmaq mümkündür. Düşünürəm ki, bu işə sistemi yanaşılmalıdır", - deyə o əlavə edib.
Turizm üzrə digər ekspert Əziz Şiriyev isə deyir ki, havalar soyuduqca müxtəlif bölgələrdə romantik mənada fotossesiyaların təşkili üçün turlar keçirtmək mümkündür:
"Hazırda da Şahdağ və Tufandağ kompleksində qışa hazırlıqlar gedir. Bundan başqa Naxçıvanda isə Ağbulaq adlanan yerdə qış turizmi mövcuddur. Lakin quru sərhədlər bağlı olduğundan Naxçıvana getmək baha alınır".