BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Həsənov Tərlan Əliheydər oğlu və Rəcəbli Əhməddin İzət oğlu "Şöhrət" ordeni, Kələntərov Ceyhun Musa oğlu isə "Tərəqqi" medalı ilə mükafatlandırılıb.
Eyni zamanda Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilib. Bunlar Məmmədli Elnur Çingiz oğlu və Qarayeva Sevda Qiyas qızıdır.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa Kubokunda iştirak edir. Cüdoçularımız yarışın ilk günündə 6 medal qazanıb. 60 kq-da final görüşündə ölkənin iki təmsilçisi - Rəşad Yelkiyev və Kənan İsmayılov üz-üzə gəlib. Nəticədə Yelkiyev 1-ci, İsmayılov isə 2-ci yeri tutub.
66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Qızıl medal qarşılaşmasında almaniyalı Patrik Vayzerə də qalib gələn cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəki dərəcəsində yarışan Ruslan Paşayev 3-cü yer uğrunda görüşdə italiyalı Françesko Karqneluttidən güclü olub.
73 kq-da çəki dərəcəsindəki final görüşündə də Azərbaycan dueli baş tutub. Nəriman Mirzəyevi məğlub edən Rəşid Məmmədəliyev qızıl medala sahib çıxıb. Mirzəyev isə gümüş medala layiq görülüb.