AZƏRBAYCAN XƏBƏRLƏRİ

Maqnit qasırğası barədə xəbərdarlıq

Məlumata görə, oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub. Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli - güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən məlumata görə, oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, sonuncu tac kütlə atılması özündən əvvəlki iki tac kütlə atılmasını qabaqlayaraq Yerə daha tez - oktyabrın 4-də gecə saatlarında çatacaq. 3-5 oktyabr tarixləri üçün Günəş aktivliyi yüksək səviyyədə olacaq.
Oktyabrın 1-də baş vermiş tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində oktyabrın 3-də geomaqnit sahədə mülayim, oktyabrın 4-də isə orta-mülayim səviyyəli geomaqnit qasırğası yaranacaq. Oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq. Oktyabrın 3-də Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 70% və X sinif alışmalar üçün isə 30%-dir.
Qeyd edək ki, maqnit qasırğalarının daha güclü təsirini meteohəssas və yaşlı insanlar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar hiss edirlər. Fırtınalı günlərdə başağrısı, baş gicəllənmə, ürəkbulanma, əzələlərdə və oynaqlarda ağrı, yuxusuzluq ola bilər.
Həkim-terapevt Sübhan Hacıyevin dediyinə görə, atmosferdə olan təzyiq dəyişiklikləri, ilk növbədə, tənəffüs yolu və ürək-damar xəstəlikləri olan, miokard infarkt keçirənlər, arterial hipertenziyası olan xəstələrdə ürəkdə sıxılmalara və hava çatışmazlığına səbəb olur.
Həmin xəstələrə, xüsusilə günəş şüaları altında gəzmək olmaz. Sərin yerdə vaxt keçirmək və gün ərzində 2 litrədək maye qəbul etmək tövsiyə olunur.