AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev və Zakir Həsənov İsrailin müdafiə nazirini qəbul ediblər

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsinin aparıldığı bildirilir.
Sputnik
BAKI, 3 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib. Bu barədə Azərtac xəbər yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Elə bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX”XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri çərçivəsində İsrailin milli pavilyonlarında nümayiş edilən eksponatlarla tanış olub.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi milli müdafiə və təhlükəsizlik problemlərini həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş təcrübəsindən istifadə edir.
“RAFAEL Qabaqcıl Müdafiə Sistemləri” MMC İsraildə 70 ildən artıqdır ki, hava, quru, dəniz və kosmos üçün kibertəhlükəsizlik sistemlərinin yaradılması ilə məşğuldur. Şirkət təyyarə və aviasiya vasitələri, raket və kosmik qurğular üçün sistem və komplekslər, zirehli döyüş maşınları, radioelektron, peyk, GPS və GSM sistemləri üzrə fəaliyyət göstərir.
Sərgidə İsrailin “Plasan” şirkəti də öz məhsullarını təqdim edib. Bildirilib ki, şirkət təkərli və tırtıllı döyüş maşınları üçün geniş çeşiddə robot texnologiyaları üzrə ixtisaslaşıb.